Noyabrın 8- də Akademik Milli Dram Teatrında “Zəfər günü” ilə əlaqədar Azərbaycan Ordusunun 44 günlük şücaətlə vuruşaraq qazandığı tarixi qələbənin ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunub.
Gununesi.info xəbər verir ki, tamaşadan əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nur vətənpərvərlik, milli birlik, qəhrəmanlıq günü olan “Zəfər günü” münasibətilə tamaşaçıları təbrik edib, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramını bildirib.
“Qarabağnamə” tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşaya Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib.
Rollarda – Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Sabir Məmmədov, Əli Nur, Hacı İsmayılov və digərləri Əməkdar artistlər – Rövşən Kərimduxt, Anar Heybətov, İlyas Əhmədov, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Məsmə Aslanqızı, Aslan Şirin, Elnar Qarayev, Elxan Qarayev, Ramin Şıxəliyev, Elnur Qədirov və digərləri oynayıblar.
Tarixi tamaşanı böyük maraqla izləyən şəhid, qazi ailələri sonda aktyor, aktrisa heyəti ilə xatirə şəkli çəkdiriblər və teatrın rəhbərliyinə bu qayğı və diqqətə görə sonsuz təşəkkürlərini bildiriblər.
Allah Vətən uğrunda canlarından keçən bütün qəhrəman oğullarımıza, şəhidlərimizə rəhmət eləsin, qazi və müharibə iştirakçılarına sağlam ömür versin!
Məmmədova İlhamə












