Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın şərtləri

  • Müəllif: Orxan
  • 13 Noyabr 2026 14:25

Ukraynada müharibənin dayandırılması ilə bağlı qeyri-rəsmi danışıqlarda müzakirə olunan planlardan birində Rusiyanın bütün Donbası əldə etməsi və Finlandiyanın NATO-dan çıxması nəzərdə tutulur.

Gununsesi.info “Bild” qəzetinə istinad edən OE24 nəşrinə əsasən xəbər verir ki, Rusiyanın təklifləri Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim olunub.

Məlumata görə, plan Rusiyanın işğal etdiyi əraziləri nəzarətində saxlamasını, həmçinin Donetsk və Luqansk vilayətlərinin Ukraynanın nəzarətində olan hissələrinin də Moskvaya verilməsini nəzərdə tutur.

Ukraynanın NATO üzvlüyündən imtinası, Odessa və Nikolayev limanlarının hərbsizləşdirilməsi də şərtlər sırasındadır. Ölkənin gələcəkdə Avropa İttifaqına qoşulması isə istisna edilmir.

Təkliflərdə Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yerləşdirilməməsi, Finlandiyanın alyansdan çıxması yer alır.

Moldova üçün Dnestryanı və Qaqauziyanı əhatə edən federativ quruluş təklif olunur. Həmin bölgələrə müstəqilliklə bağlı referendum keçirmək imkanının verilməsi də nəzərdə tutulur.

Bunun müqabilində Rusiya Belarusdan nüvə silahlarını çıxarmağı, orada orta mənzilli raketlər yerləşdirməməyi və Dnestryanıdan qoşunlarını geri çəkməyi mümkün güzəştlər kimi göstərir.

Gununsesi.info