Əli Kərimlinin məhkəməsində tanınmış siyasətçilər ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, məhkəmə iclasında tanınmış ictimai-siyasi xadimlər – Eldar Namazov, Sərdar Cəlaloğlu və Rauf Arifoğlu ifadə veriblər.

 

Məlumata görə, proses zamanı şahidlərin ifadələri dinlənilib, cinayət işi ilə bağlı onlara suallar ünvanlanıb. Şahidlərdən işin halları, təqsirləndirilən şəxslərlə münasibətləri və araşdırılan hadisələr barədə məlumatlarının olub-olmaması ilə bağlı izahatlar alınıb.

 

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

 

 

Gununsesi.info