Natiq Cəfərli: Oğuzda otellərdə çalışanların orta aylıq əməkhaqqı 314 manat olub

  • 20 Noyabr 2026 14:19

İqtisadçı Natiq Cəfərli Azərbaycanın turizm potensialına malik rayonlarından biri olan Oğuzda turizm sektorunun vəziyyətinə diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edərək bildirib ki, ötən ilin sonunda Oğuz rayonunda otellərdə çalışanların sayı cəmi 15 nəfər olub. Bu, 2024-cü ilin göstəricisindən 9 nəfər azdır.

Natiq Cəfərlinin sözlərinə görə, ötən il rayondakı otellərdə çalışanlara ümumilikdə 56,6 min manat əməkhaqqı ödənilib.

Bu isə bir işçi üzrə orta illik 3 773 manat, aylıq isə təxminən 314 manat əməkhaqqı deməkdir.

İqtisadçı xatırladıb ki, 2025-ci ilin yanvarından Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib.

O, Oğuzda “Panorama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restaurant”, “Korifey Hotel” və “Qaynama Ailəvi İstirahət Mərkəzi” kimi turizm obyektlərinin fəaliyyət göstərdiyini qeyd edərək, rayonun zəngin təbiətinə və tarixi abidələrinə baxmayaraq, turizm sektorunun mövcud vəziyyətini qənaətbəxş hesab etməyib.

Natiq Cəfərli hesab edir ki, Gürcüstanla sərhədin açılması Qax, Şəki, Oğuz və Qəbələ istiqamətində turist axınının artmasına ciddi töhfə verə bilər.

İqtisadçı turizmin inkişafı üçün təkcə təbii gözəlliklərin və tarixi abidələrin mövcudluğunun kifayət etmədiyini vurğulayıb.

Onun fikrincə, turizm sahəsində maraqlı hekayələrin yaradılması, kreativ yanaşma, iqtisadi azadlıqların genişləndirilməsi və bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlara dəstək vacibdir.

O, Oğuzdakı qədim kilsənin fotosunu da paylaşaraq bildirib ki, hətta bu abidə haqqında düzgün və maraqlı turizm hekayəsi yaradılması minlərlə turistin cəlb edilməsinə imkan verə bilər. Lakin hazırda abidənin üzərində ağac bitdiyini qeyd edib.

İqtisadçı turizmlə bağlı yeni dəstək proqramlarının qəbul edilməsinə baxmayaraq, sahədə durğunluğun dərinləşdiyini vurğulayıb.

Elmar

Gununsesi.info