
ABŞ Ukraynaya 50 milyard dollar dəyərində kredit verməyə hazırdır. Bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək. Lakin bunun üçün Vaşinqton Avropa İttifaqından anti-Rusiya sanksiyalarını qeyri-müəyyən müddətə uzadılmasını tələb edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Bildirilir ki, Vaşinqton Rusiya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin “Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razı olana qədər” dondurulmuş qalması şərti ilə kredit verməyi nəzərdən keçirir. Bununla belə, kreditin dəqiq şərtləri, o cümlədən onun ödəmə müddəti, faiz dərəcəsi, birbaşa və ya vasitəçisi ilə (məsələn, Dünya Bankı vasitəsilə) veriləcəyi hələlik müəyyənləşməyib.
Hazırda Aİ-nin sanksiyaları altı aydan bir yenilənir. Bununla belə, sanksiyalar rejiminə istənilən dəyişiklik bütün Avropa liderlərinin, o cümlədən əvvəllər Aİ-nin Ukrayna ilə bağlı qərarlarına bir neçə dəfə veto qoyan Macarıstanın baş naziri Viktor Orbanın təsdiqini tələb edəcək.
Tərəflərin nəzərdən keçirdiyi başqa bir variant G7 və Aİ ölkələrinin Ukraynaya ölkələrin öz yurisdiksiyalarında dondurulmuş “Rusiya aktivlərindən əldə edilən gəlirlə dəstəklənən” ikitərəfli kreditlər verməsidir. Bu, Aİ-dən bütün üzvlər tərəfindən yekdilliklə razılaşdırılmalı olan ümumi büdcəsindən istifadə etməyi tələb edəcək.
“Qanunların təmin edilməsi üçün tələb olunan vaxt, hüquqi və əməliyyat məhdudiyyətləri ilə yanaşı, bu variantın sürətlə həyata keçirilməsinə kömək etməyəcək”-deyə bildirilir.
Xatırladaq ki, Rusiya ordusunun 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Aİ və G7 ölkələri Rusiya Bankının nağd pul və qiymətli kağızlar şəklində təxminən 280 milyard dollarını dondurub. Rusiya Maliyyə Nazirliyi bloklanmış aktivlərin həcmini təxminən 300 milyard dollar qiymətləndirib.
Ötən ilin nəticələrinə görə, Euroclear Rusiya aktivlərindən 4,4 milyard avro, bu ilin əvvəlindən isə daha 1,6 milyard gəlir əldə edib. Financial Times mənbələrinə görə, 2027-ci ilə qədər ümumi mənfəət 20 milyard avroya çata bilər.
Qeyd edək ki, mayın sonunda Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsini təsdiqləyib. Təkcə bu il Kiyev 3 milyard avro ala bilər.
İlhamə
Gununsesi.info