Araqçi ilə Lavrovun kritik görüşü: Hörmüz boğazı müzakirə edildi

  • Müəllif: Orxan
  • 25 İyul 2026 09:19

İranın xarici işlər naziri Abbas Araqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş keçiriblər.

Gununsesi.info xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafı, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli regional platformalarda koordinasiya məsələləri müzakirə olunub.

Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində əldə olunan razılaşmaların icrasını sürətləndirmək üçün zəruri addımların atılması barədə razılığa gəliblər.

Görüş zamanı Qərbi Asiyada son vəziyyət də diqqət mərkəzində olub. Nazirlər ABŞ-nin İslamabad razılaşmasını yenidən pozduğu və öhdəliklərini yerinə yetirmədiyi barədə İranın iddialarını, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Abbas Araqçi Rusiyaya ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını pisləyən mövqeyinə görə təşəkkür edib. O bildirib ki, Hörmüz boğazında yaranmış gərginlik ABŞ-nin İrana verdiyi öhdəlikləri pozmasının və həyata keçirdiyi siyasətin birbaşa nəticəsidir.

Araqçi vurğulayıb ki, Tehran müharibənin dayandırılması istiqamətində aparılan danışıqlarda xoş niyyət nümayiş etdirsə də, milli maraqlarını və təhlükəsizliyini qorumaqda qətiyyətlidir. O əlavə edib ki, İran ABŞ-nin Hörmüz boğazından ölkənin milli təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsinə imkan verməyəcək.

Sergey Lavrov isə Rusiyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləyən mövqeyini bir daha təsdiqləyib. O, region ölkələrinin iştirakı ilə təhlükəsizlik mexanizminin formalaşdırılmasının vacibliyini vurğulayaraq, Moskvanın bu prosesə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Gununsesi.info