ABŞ-da Meksika sərhədində qeyri-qanuni mühacir böhranı artdıqca, “miqrasiyanın qarşısını almaq üçün sərhəddə timsahların yerləşdirilməsi” təklifi gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, Koloradonun Respublikaçılar Palatasının üzvü Lauren Boebert sərhəd boyunca “timsahlarla dolu xəndəklər” qazmaq təklifini məmnuniyyətlə dəstəkləyəcəyini söyləyib.
Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin iclasında müzakirələr zamanı Demokratlar Partiyasının üzvü Robert Qarsiya bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp sərhəddə ilan və timsah yerləşdirməyi təklif edib. Qarsiya bəyan edib ki, Tramp hətta immiqrantların ayaqlarından güllələnməyi, sərhəddə elektrik çəpərləri yerləşdirməyi və hətta Meksikanın şimalını bombalamağı təklif edib.
Respublikaçı Boebert bu açıqlamalara reaksiya verərək, “Belə bir qanun layihəsini məmnuniyyətlə dəstəkləyərdim” deyib.
Nümayəndələr Palatasındakı respublikaçılar da daxili təhlükəsizlik naziri Alejandro Mayorkasın vəzifəsindən uzaqlaşdırılmasını müdafiə ediblər.
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi immiqrant böhranı gündəmin mərkəzində olarkən, respublikaçılar Co Bayden administrasiyasının immiqrasiya siyasətini tənqid edirlər.
Ötən il Meksika sərhədindən ABŞ-a qeyri-qanuni daxil olanların sayı artıb. Dekabrda ABŞ-a gələn qeyri-qanuni mühacirlərin sayı rekord qıraraq 300 mini keçib.
Gununsesi.info