AQTA-dan ev şəraitində hazırlanan qidalarla bağlı AÇIQLAMA

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 09:50

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsullarına sertifikat tələbi və cərimələrin tətbiqi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Gununsesi.info-nun xəbərinə görə, AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara hazırda hər hansı sertifikat tələbi qoyulmayıb. Sertifikatı olmayan şəxslərin cəzalandırılması ilə bağlı yayılan xəbərlər və şərhlər də həqiqəti əks etdirmir.

Agentliyin məlumatına görə, Azərbaycan Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Tədbirin icrası 2028–2032-ci illəri əhatə edir.

Qeyd edilib ki, bu çərçivədə məhsulların bazara çıxarılması ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.

Məqsədin ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışını təmin etməklə biznes üçün imkanlar yaratmaq, eyni zamanda istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması olduğu bildirilib.

Agentliyin açıqlamasında qeyd olunub ki, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsindən 137-si məişət zəminində baş verib. Bu, ümumi hadisələrin 57 faizini təşkil edib.

Məlumata görə, həmin hadisələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. AQTA hesab edir ki, izlənilməsi mümkün olmayan belə məhsullardan zəhərlənmələrin qarşısının alınması və qida təhlükəsizliyinin təmin edilməsi üçün onların bazara yerləşdirilməsi ilə bağlı tənzimləmələrə ehtiyac var.

O da vurğulanıb ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi və cərimələrin tətbiqi barədə yayılan məlumatlar yanlışdır.

Agentlik bildirib ki, əksinə, yeni mexanizmin yaradılması bu sahədə fəaliyyət göstərən şəxslərin bazara çıxış imkanlarının təmin edilməsinə yönələcək.

Gununsesi.info