Son illər ət bazarında həm yerli, həm də idxal məhsullarına olan tələbat artıb. Lakin bu proses bəzən heyvandarlıq sektorunda xəstəliklərin yayılması, keyfiyyətsiz və mənşəyi şübhəli ətlərin dövriyyəyə buraxılması kimi problemlərlə müşayiət olunur. Belə hallarda həm istehlakçıların sağlamlığı, həm də fermerlərin iqtisadi maraqları təhlükə altına düşür. Bu səbəbdən ət məhsullarının istehsalı, idxalı və satışında nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Gununsesi.info -ya açıqlamasında bildirib ki, bəzi xəstəliklərin mövsümi xarakter daşıdığı və heyvandarlığın tam məhv olmasına səbəb olmadığı məlumdur. Lakin belə xəstəliklər sürətlə yayıldıqda, bu vəziyyət yerli sahibkarlar və fermerlər üçün ciddi iqtisadi itkilərlə nəticələnir.
“Buna görə də qanunvericiliyə əsasən bazarların fəaliyyətinin məhdudlaşdırılması, ət kəsim məntəqələrinə nəzarətin artırılması və digər profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, xaricdən gətirilən ətlər üçün temperatur rejiminin pozulmaması, mənşə ölkəsi, kəsmə tarixi, istehsal və son istifadə müddəti kimi məlumatların təqdim olunması vacibdir.
“Bu məhsullar yalnız laborator müayinələrdən və qida təhlükəsizliyi qaydalarından keçdikdə satışa buraxılır. Donmuş ətin açılması və ya yüksək temperaturda saxlanması insan sağlamlığı üçün ciddi risk faktorlarını artırır.
Nəticə etibarilə, mənşəyi məlum olmayan ətlərin istehlakı həm insan sağlamlığı, həm də iqtisadi sabitlik baxımından ciddi risklər doğurur. Bu səbəbdən bazarlarda nəzarətin gücləndirilməsi, idxal proseslərində şəffaflığın artırılması, laborator nəzarətin intensivləşdirilməsi və istehlakçıların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”,- deyə o vurğulayıb.













