Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi – Paketdə nələr var?

  • By admin
  • 26 Fevral 2022 09:27

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb. Sanksiyaların iqtisadi sektorunda qeyd edilir ki, qəbul edilən paket mövcud maliyyə məhdudiyyətlərini daha da genişləndirir. Və bununla da Rusiyanın ən mühüm kapital bazarlarına çıxışını məhdudlaşdırır.

Beləliklə, Rusiyanın dövlət şirkətlərinin səhmlərinin Aİ-nin ticarət meydançalarında yerləşdirilməsi və xidmətlərin göstərilməsi qadağan edilir.

Avro qadağası

Bundan başqa, depozitlərin qəbulunu qadağan etməklə, Rusiyadan Aİ-yə vəsait axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıran yeni tədbirlər tətbiq edilir. Rusiya vətəndaşlarından və ya rezidentlərindən müəyyən məbləğdən artıq əmanətlərin qəbuluna, Rusiya müştərilərinə avro ilə qiymətli kağızların satışına qadağa qoyulur. Aİ qeyd edir ki, bu sanksiyalar Rusiya bank bazarının 70 faizinə, əsas dövlət şirkətlərinə, o cümlədən müdafiə şirkətlərinə təsir edəcək: “Onlar Rusiya üçün borclanma xərclərini, inflyasiyanı artıracaq və Rusiyanın sənaye bazasını tədricən sarsıdacaq. Bundan əlavə, Rusiya elitasının sərvətlərinin Avropada təhlükəsiz sığınacaqlarda gizlədilməsinin qarşısını almaq üçün tədbirlər görülür”.

Aİ enerji sektorunda bəzi malların və neft emalı texnologiyalarının satışına, tədarükünə, ötürülməsinə, Rusiyaya ixracına da qadağa qoyacaq. Həmçinin müvafiq xidmətlərin göstərilməsinə məhdudiyyətlər tətbiq olunacaq.

Neft və nəqliyyat sektoruna zərbə

“Belə ixrac qadağası tətbiq etməklə Aİ Rusiyanın neft sektoruna zərbə vurmaq və Rusiyanı neft emalı zavodlarını modernləşdirmək imkanından məhrum etmək niyyətindədir. 2019-cu ildə Rusiyanın ixrac gəlirləri 24 milyard avro təşkil edib”, – Aİ bildirib.

Aİ nəqliyyat sektorunda aviasiya və kosmik sənayedə mal və texnologiyaların ixracına, həmçinin bu mal və texnologiyalarla bağlı sığorta, təkrarsığorta və texniki xidmət xidmətlərinin göstərilməsinə qadağa qoyub. Müvafiq texniki və maliyyə yardımının göstərilməsi də qadağan ediləcək. “Bütün təyyarələrin, ehtiyat hissələrinin və avadanlıqların Rusiya aviaşirkətlərinə satışına qoyulan bu qadağa Rusiya iqtisadiyyatının və ölkənin rabitəsinin əsas sektorlarından birini pisləşdirəcək. Çünki Rusiyanın Rusiyanın hazırkı kommersiya hava donanmasının dörddə üçü Aİ, ABŞ və Kanadada qurulub”, – Aİ qeyd edib.

Texnologiyaların ixracına məhdudiyyət Texnologiya sektorunda Aİ ikili təyinatlı mal və texnologiyaların ixracına əlavə məhdudiyyətlər tətbiq edib. Həmçinin Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji cəhətdən təkmilləşdirilməsinə töhfə verə biləcək bəzi mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyulub. Bura yarımkeçiricilər və ya qabaqcıl texnologiyalar kimi məhsullar daxildir. Müvafiq hüquqi aktlar, o cümlədən məhdudlaşdırıcı tədbirlərdən təsirlənən şəxslərin adları Aİ-nin rəsmi jurnalında dərc olunacaq.

Gununsesi.info