Azərbaycan Avropa Məhkəməsinin qərarlarını necə icra edib? - AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ BUNU MÜZAKİRƏ

  • By admin
  • 08 İyun 2022 19:28

Avropa Şurası Nazirlər Komitəsi 8-10 iyun tarixlərində keçirilən iclaslarında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edəcək.

Media Hüquqları Qrupunun rəhbəri Xalid Ağalıyevin  Gununsesi.info-ya verdiyi məlumata görə, gündəlikdə iki qrup işi var – “Xədicə İsmayıl” və “Anar Məmmədli” Qrupları. Birinci qrupa AİHM-nin jurnalistin şikayətləri əsasənda qəbul etdiyi iki qərar aid edilib. Qərarlar ərizəçinin şəxsi həyatın toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüquqlarının pozulması ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb. Amma çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb.

Hökumət, həmçinin ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.

Bundan əlavə, qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.

“Hökumətin təqdimatında “Media haqqında” qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir”.

“Anar Məmmədli” qrupuna gəlincə, burada AİHM-nin hüquq müdafiəçiləri və fəallar: Anar Məmmədli, İntiqam Əliyev, Məmməd Əzizov və Şahin Novruzlu, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə Leyla və Arif Yunusun işləri üzrə hökmlərindən söhbət gedir. Bu işlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğu qənaətinə gəlinib.

Yəni, AİHM onların hakimiyyəti tənqid etdiklərinə və siyasi fəaliyyətdə iştirak etdiklərinə görə həbs edildikləri qənaətinə gəlib. Adı çəkilən şəxslərin təqibinin qanunsuz olduğu etiraf olunsa da, Azərbaycan hakimiyyəti hələ də onlara bəraət verməyib.

Hökumət Nazirlər Komitəsinə cavabında bütün ərizəçilərin cinayət tətqibinə artıq xitam verildiyini və onlar üçün artıq heç bir mənfi hüquqi nəticənin qalmadığını vurğulayıb.

 

Gununsesi.info