“Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması, strateji, müttəfiqlik və qardaşlıq münasibətlərinin mövcudluğu heç kimə sirr deyil. Bu gün Azərbaycan Respublikası Prezidentinin dövlət səfəri təkcə Azərbaycanda və Özbəkistanda deyil, bütün regionda, Mərkəzi Asiyada, Böyük Avrasiya regionunda, hətta dünyada çox yaxından izlənilir”.
Bu fikirləri Gununsesi.info -ya Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Azərbaycan–Özbəkistan münasibətləri elə bir mərhələyə qədəm qoyub ki, bu münasibətləri geosiyasi baxımdan ifadə edəcək terminlər belə onları təsvir etməyə kifayət etmir.
Yəni bu, yaxın qardaşlıq münasibətləridir. Bizim necə ki, Türkiyə ilə münasibətlərimiz dünyada heç bir ölkə arasında olmayan münasibətlər səviyyəsindədirsə, Özbəkistanla münasibətlərimiz də eyni səviyyədədir. Bizim bilavasitə quru sərhədlərimiz olmasa belə, yaxın sərhəd ölkələri olmasaq belə, Azərbaycan və Özbəkistan xalqları heç də uzaq coğrafiyada yerləşmirlər və tarix, əlaqələr, etnik kimlik baxımından bir-birinə çox yaxındırlar. Dinimiz, dilimiz birdir, kimliyimiz birdir.
Ona görə də bu, beynəlxalq münasibətlərdə unikal bir hadisədir ki, Azərbaycan və Özbəkistan xalqları qardaş xalqlar kimi bir-birinə bağlıdırlar. Bu məsələdə münasibətlərimiz siyasi, iqtisadi və təhlükəsizlik sahələrinə də sirayət edir.
Azərbaycan üçün Özbəkistan nə deməkdir? Mərkəzi Asiyanın lider ölkəsidir, lider ölkələrindən biridir. Böyük Mərkəzi Asiya hazırda dünya geosiyasətində yeni diqqət mərkəzinə çevrilib. Həm özünün resursları, həm coğrafi mövqeyi, həm demoqrafik baxımdan gənc potensiala malik əhalisi, həm də ən önəmlisi, dünya iqtisadiyyatının hazırda ehtiyac duyduğu yeni texnologiyaların istehsalı üçün lazım olan, xüsusilə faydalı qazıntılar, yəni yeraltı sərvətlər baxımından Özbəkistan, bildiyimiz kimi, çox böyük imkanlara malikdir.
Həmçinin, xüsusilə Azərbaycana baxanda, Özbəkistan Mərkəzi Asiyaya, Çinə və Cənub-Şərqi Asiyaya doğru açılan çox önəmli bir qapıdır. Dediyim kimi, Özbəkistan hazırda yeni bir güc mərkəzi olan Mərkəzi Asiyanın lokomotivlərindən biridir.
Özbəkistandan baxanda Azərbaycan necə görünür? Azərbaycan ən yaxın ölkə, tərəfdaş, Cənubi Qafqaza, Xəzər dənizinə, eyni zamanda Avropa və Qərb istiqamətinə açılan böyük bir qapıdır. Azərbaycan Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün mühüm əhəmiyyət daşıyır.
Burada C6 formatı da əbəs yerə deyil. Yaxın keçmişdə yaranmasına baxmayaraq, yeni geosiyasi terminlə desək, bu, yeni bir fenomendir. Mərkəzi Asiya artıq Azərbaycansız, Azərbaycan da Mərkəzi Asiyasız təsəvvür edilmir.
Xüsusilə də Orta Dəhliz Mərkəzi Asiyanın Qərbə, Avropaya və Türkiyə istiqamətində, yəni Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi istiqamətində çıxışı baxımından Özbəkistan və Mərkəzi Asiyanın bizimlə əlaqələrini xüsusi əhəmiyyətli edir. Çünki Şimal istiqaməti demək olar ki, iflic vəziyyətinə düşüb. Rusiya–Ukrayna müharibəsi, Rusiya ilə NATO arasında yaranmış qarşıdurma, Cənub-Qərb istiqamətindən Qərbə doğru irəliləməyin mümkün olmaması, İran ətrafında vəziyyət və Yaxın Şərqdə davam edən müharibə bu məsələyə təsir göstərir”.

Deputat hesab edir ki, buna görə də Azərbaycan geosiyasi baxımdan təkcə Özbəkistan üçün deyil, bütün Mərkəzi Asiya üçün ən önəmli ölkələrdən biridir:
“Üstəlik, burada onu da qeyd edək ki, Özbəkistanın xüsusilə Azərbaycana yaxın münasibəti Azərbaycanın Qarabağ bölgəsinin bərpasında, təmir və yenidənqurma işlərinin aparılmasında özünü göstərir. Özbəkistan öz imkanları ilə maddi və mənəvi dəstək göstərərək birinci gündən yanımızda olan ölkələrdən biridir.
Bu dövlət səfəri, cənab Prezidentin dövlət səfəri, həqiqətən tarixi bir səfər oldu. Bütün münasibətlərimizin görünməyən tərəflərini bir daha göstərdi, bizim qardaşlığımızı, yaxınlığımızı və dostluğumuzu təsdiqlədi və bir daha dünyaya mesaj oldu.
Azərbaycanın belə güclü müttəfiqləri var. Yəni Azərbaycanda heç kim artıq bundan sonra başqa dildə, başqa diktə ilə danışa bilməz. Azərbaycanın, həqiqətən də, Türk dünyasında Türkiyə, Özbəkistan və Mərkəzi Asiya ölkələrində olan dostları, qardaşları və müttəfiqləri var. Bu, bizim gücümüzə güc qatır və təbii ki, onların da gücünə güc qatır”.
Şəbnəm Rəhimova










