AŞ PA-nın son sessiyasında Azərbaycanla bağlı qəbul olunan qətnamə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Azərbaycan hökumətinin sərt tənqid olunduğu qətnamədə ölkəmizdə insan hüquqlarının durumundan bəhs olunur.
Sessiya zamanı Azərbaycan hökumətini tənqid edənlərlə yanaşı, dəstəkləyənlər də olub.
Bunlardan biri Ukrayna Parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü, ukraynalı deputat Oleksiy Qonçarenkodur.
Sessiya zamanı qətnamə layihəsinə qarşı çıxışından sonra Oleksiy Qonçarenko özü də müxtəlif dairələrin tənqidinə tuş gəlib.
Məsələ ilə bağlı Gununsesi.info Oleksiy Qonçarenkonun özündən eksklüziv açıqlama alıb.
Tənqid hədəfinə tuş gəlməsindən danışan ukraynalı deputat deyib ki, o, buna alışıb: “Mən tənqidlərə hər zaman tuş gəlirəm. Buna alışdığım üçün narahat deyiləm”.
Azərbaycana dair mövqeyinə gəlincə, Oleksiy Qonçarenko bildirib ki, AŞ PA ölkəmizə qarşı olduqca sərt davranır:
“Azərbaycanın qanuni sərhədlərini bərpa etməsindən sonra münasibət dəyişdi. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub.
Hesab edirəm ki, AŞ PA-nın son qətnaməsi nə bu qurumun özünə, nə də Azərbaycana xeyirdir. Azərbaycanda vəziyyətin yaxşılaşdırılmasını istəyiriksə, təzyiq etmək, kənarlaşdırmaq çıxış yolu olmamalıdır.
AŞ PA üzvü kimi mən də bunu istəyirəm ki, Azərbaycanda insan haqları problemləri həll edilsin və çıxışımda da bunu qeyd etmişəm. Bilirik ki, Azərbaycanda problemlər var və bu problemlərə dair suallar vardır. Əgər vəziyyəti yaxşılaşdırmaq istəyiriksə, biz Azərbaycanla işləməliyik, Azərbaycan da Avropa Şurası ilə işləməlidir. Birgə iş olmasa, bir-biriləri ilə işləməsələr, təəssüf ki, bu, vəziyyəti daha da pisləşdirə bilər”.
Pərviz Həşimli












