Azospermiyalı kişiləri narahat edən məsələ: Bu əməliyyatları icbari tibbi sığortaya daxildir?

Azospermiya kişi sonsuzluğunun ən mürəkkəb formalarından biri hesab olunur. Müasir tibbin inkişafı sayəsində bu diaqnozu olan kişilərin bir qismi mikro-TESE və digər cərrahi üsullar vasitəsilə öz bioloji övladına sahib ola bilir. Lakin bu müalicə üsullarının maliyyə yükü bir çox ailə üçün ciddi problem olaraq qalır.

Mövcud qaydalara əsasən, mikro-TESE, TESE, TESA, PESA və MESA kimi sperm əldə etmə əməliyyatları İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşlar həmin əməliyyatların xərcini öz vəsaitləri hesabına ödəməli olurlar.

Mikro-TESE qeyri-obstruktiv azospermiyada ən müasir cərrahi üsullardan biri hesab edilir. Əməliyyat zamanı xüsusi mikroskop vasitəsilə sperm istehsal etmə ehtimalı yüksək olan xaya kanalcıqları seçilir və həmin nahiyələrdən toxuma götürülərək laboratoriyada sperm axtarılır. Sperm aşkar edildiyi halda, o, sonradan in vitro  mayalanma (IVF) zamanı ICSI (İntrasitoplazmatik Sperm İnyeksiyası)  üsulu ilə istifadə oluna bilər.

Obstruktiv azospermiyada isə PESA, MESA və TESA kimi üsullar tətbiq edilir. Bu metodlarla xaya artımından və ya xayadan sperm əldə olunaraq reproduktiv müalicədə istifadə edilir.

Mütəxəssislər bildirirlər ki, kişi sonsuzluğu hallarının müəyyən hissəsi məhz azospermiya ilə əlaqədardır. Buna baxmayaraq, bu sahədə istifadə olunan reproduktiv cərrahi prosedurların İcbari Tibbi Sığortanın təminatına daxil edilməməsi bir çox ailənin müalicəyə çıxış imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi minlərlə tibbi xidməti əhatə etsə də, reproduktiv məqsədlə sperm əldə edilməsinə yönəlmiş mikro-TESE, TESE, TESA, PESA və MESA əməliyyatları hazırda bu təminata daxil deyil. Azospermiyanın müalicəsində istifadə olunan bir sıra müasir və innovativ üsullar Azərbaycanda İcbari Tibbi Sığortanın (İTS) xidmətlər zərfinə daxil deyil. Bunlara ROSI (Round Spermatid Injection), PRP terapiyası, Kök Hüceyrə (Stem Cell) müalicəsi, Kök Hüceyrə və SVF müalicəsi, Xaya PRP-si, Eksozom (Exosome) müalicəsi, Piezo-Aktivasiya ilə ICSI (Mikroinyeksiya), Uzunmüddətli kombinə hormon terapiyası,  Sperm Mikroçip, Yüksək Böyütməli Mikroinyeksiya, MACS (Maqnit Hüceyrə Ayrılması) və.s daxildir. Hazırda bu üsullar İTS-nin xidmətlər zərfində yer almır və dövlət hesabına maliyyələşdirilmir. 

 

Vüsal Artyom 

Araşdırmaçı

Gununsesi.info