Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olmasında polisin rolu

  • By admin
  • 16 Fevral 2026 00:15

Son illər nüfuzlu təhlükəsizlik indekslərində Bakının bir çox Avropa və Amerika şəhərlərini geridə qoyması ilə bağlı araşdırmalar dərc edilir.

Bakının adının təhlükəsiz şəhər kimi dünya reytinqlərində yer alması təsadüfi deyil. Bu qiymətləndirmələrdə paytaxtın yüksək təhlükəsizlik səviyyəsi əsas amillərdən biri kimi götürülür. Bu uğurun təməlində isə Azərbaycan polisinin gecə-gündüz davam edən sistemli fəaliyyəti dayanır.Bakıya gələn turistlər həm gündüz, həm də gecə saatlarında şəhərdə özlərini təhlükəsiz hiss etdiklərini açıq şəkildə bildirirlər.Məhz təhlükəsizlik amili Bakı şəhərini turustik baxımından cəlbedici edir.

Tanınmış vəkil Cavad Cavadov da Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

 

Hüquşünas hesab edir ki, bu nəticənin arxasında həm texnoloji, həm də institusional amillər dayanır:

Bakı şəhərində təhlükəsizliyə nail olunmasında qurulmuş ‘təhlükəsiz şəhər’ sisteminin və polisin fəaliyyəti əsas amillərdəndir.Paytaxtın demək olar ki, hər bir küçə və meydanı yüksək dəqiqlikli kameralarla izlənilir. Bu, potensial cinayətkar üçün “görünməz qalmaq” ehtimalını sıfıra endirir. Kamera nəzarətindən əlavə, patrul xidmətinin gücləndirilməsi və operativ reaksiya mexanizmləri sayəsində cinayətlərin qarşısının alınması və açılması daha sürətli olur.”

Vəkil müqayisəli yanaşma apararaq bildirir ki, dünyanın bir çox aparıcı turistik mərkəzlərində vəziyyət bu qədər ürəkaçan deyil:

Paris, Barselona, London kimi məşhur turistik şəhərlər hazırda cibgirlik, oğurluq, soyğunçuluq kimi cinayətlərdən ciddi şəkildə əziyyət çəkir. Bəzi şəhərlərdə hətta ziyarət olunması məsləhət olunmayan zonlar da mövcuddur. Yerli hüquq-mühafizə orqanlarının bu hallarla mübarizədə çətinlik çəkdiyi bir vaxtda, Bakıda nəzarət mexanizmlərinin quruluşuna və cinayət baş verərsə onun ‘isti izlərlə’ açılmasına görə bizim polisi nümunə göstərmək olar.”

Cavad Cavadov bunu konkret faktla da əsaslandırır:

Bu yaxınlarda vəkil həmkarımız Bəhruz Bayramovun evindən oğurluq edilmişdi. Polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində 24 saat tamam olmamış hadisənin üstü açıldı və oğurlanan bütün əşyalar sahibinə qaytarıldı. Bu, təkcə bir epizoddur, amma ümumi tendensiyanı əyani şəkildə göstərir.”

Hüquqşünas eyni zamanda vurğulayır ki, heç bir dövlət qurumunun fəaliyyəti mütləq ideal deyil:

Təbii ki, iş olan yerdə nöqsan və çatışmazlıqlar da olur və olacaq. Lakin Bakı şəhərinin bu gün dünyada təhlükəsiz şəhərlər sırasında çəkilməsində polisin cinayətkarlığa operativ reaksiya verməsi, preventiv tədbirlər görməsi və ‘təhlükəsiz şəhər’ infrastrukturundan səmərəli istifadə etməsi danılmaz faktordur.”

Beləliklə, Bakı həm turizm, həm də gündəlik yaşayış baxımından təhlükəsiz məkana çevrilibsə, bunun arxasında texnoloji nəzarət sistemləri ilə yanaşı, Azərbaycan polisinin peşəkar fəaliyyəti və operativliyi xüsusi olaraq qeyd olunmalıdır.

Pərviz

Gununsesi.info