Baş toksikoloqdan XƏBƏRDARLIQ: Uşaqlar arasında da...

  • By admin
  • 11 May 2022 12:44

“Aprel ayı ərzində 5 nəfər ilansancma ilə müraciət edib. 12 nəfər isə qidadan zəhərlənib. Qidadan zəhərlənənlər batulizm dərəcəsində olub. Bu, ağır gedişatdır, amma ölüm faktı qeydə alınmayıb”.

Bunu Publika.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, ötən ay ərzində 62 nəfər dərmandan zəhərlənib: “Onlar əsasən sakitləşdirici, yuxu və depressiyaya qarşı dərmanlardan zəhərləniblər. Tibb işçiləri arasında zəhərlənmə faktı qeydə alınmayıb. Amma onlar da allergiya ilə əlaqədar olaraq məsləhət alıblar. Ötən ay 5 nəfər spirtli içkidən zəhərlənib. Onların durumu ağır və orta ağır dərəcədə olub. Müalicə alıblar. Uşaqlar arasında ötən ay ərzində ilansancma və zəhərlənmə halı qeydə alınmayıb”.

Baş toksikoloq əlavə edib ki, əgər istilər davam etsə, onlar arasında da ilansancma və zəhərlənmə halı ola bilər:

“Müraciət edənlərin sayı azdır, 5-10 nəfər arasında dəyişir. Bu da havaların nisbətən sərin keçməsi ilə əlaqədardır. Ümumiyyətlə, zərdabla bağlı çatışmazlıq yoxdur. Biz bu məsələni ilin əvvəlindən qaldırmışıq. Hazırda TƏBİB tərəfindən aktiv işlər gedir. Təşkilati məsələlər olub. Bakı şəhərindəki səhiyyə ocaqlarına və mərkəzi rayon xəstəxanalarına, eləcə də təcili yardıma yetərincə zərdablar paylanılıb. Kənd xəstəxanaları isə əgər aldıqları zərdabları istifadə ediblərsə, bu barədə mərkəzi rayon xəstəxanalarına müraciət edə və tez bir vaxtda zərdabları ala bilərlər. Rayon xəstəxanalarında da kifayət qədər zərdab var”.

Gununsesi.info