“Azərbaycan hakimiyyəti iyulun 14-də Bakıda icazəsiz keçirilən mitinqdən sonra çoxsaylı müxalifət fəallarını və liderlərini saxta cinayət ittihamları ilə həbs etdi. Həmin gün orduya dəstək yürüşünə minlərlə Bakı sakini qatılmışdı. İttihamlar isə karantin qaydalarının pozulması, əmlaka ziyan və hakimiyyətin ələ keçirilməsi ilə bağlıdır.”
Gununsesi.info bildirir ki, bu barədə avqustun 19-da Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatının Azərbaycanda son bir ayda müxalifət fəallarının həbsinin artması ilə bağlı yaydığı bəyanatda deyilir.
Azərbaycan hakimiyyətini insan haqlarını tanımamada günahlandıran beynəlxalq təşkilat bu addımları dayandırmağa çağırıb.

Milli Məclisin YAP-dan olan deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında Human Rights Watch təşkilatını qərəzdə günahlandırıb.
Deputatın sözlərinə görə, bu təşkilat uzun illərdir ki, Azərbaycan hakimiyyətinə qarşı davamlı qərəz nümayiş etdirir: “Hələ istintaq başa çatmayıb və bu təşkilat indidən hökm verir. Azərbaycanda insan haqlarına dövlət təminatı var. Bu təşkilatdan əvvəl dövlət və onun strukturları insan hüquq və əsas azadlıqlarının təminatı həyata keçirir, onun müdafiəsini qoruyur. Tovuz hadisələrindən sonra bəzi beynəlxalq dairələr Azərbaycanın haqlı mövqeyinin üstünlüyünü görüb, narahat olub. Ona görə də bəzi daxili məsələlərdən ölkəmizə qarşı təzyiq kimi istifadə edilir”.
Günay
Gununsesesi.info









