“Bu gün dindarlar dini təbliğ etmir, dini gözdən salır” -İLAHİYYATÇI

“Bu gün dindarlar dini təbliğ etmir, dini gözdən salır”.

Gununsesi.info bildirir ki, bunu ilahiyyatçı Tural İrfan deyib:

“Dindarların, din xadimlərinin təbliğatı nəticəsində bircə nəfər İslama gəlmir, amma onların sosial mediyadakı nağılbazlıqlarını, xurafat və cəhalət tərənmümünü görən minlərlə adam dindən çıxır.

Nümunəvi din xadimləri, ilahiyyatçılar, dindarlar var. Amma çox azdırlar. Onların cəmiyyətə nümunə olmaq üçün önə çıxmaq resursları yoxdur. Amma gündə üzə çıxıb hip-hop kimi ötənlərin daha çox imkanları var. Əsasən Rusiya və İrana bağlı fiqurlar özlərinə sərf edən şəxsləri vaxtilə qidalandırıb, maddi imkanlara sahib olmaqlarına şərait yaradıb. Bu gün də köhnə münasibətlərindən, imkanlarından istifadə edərək özlərini hər yerə dürtə bilirlər”.

Tural İrfan əlavə edib ki, milli düşüncəli, savadlı, dövlətə bağlı ilahiyyatçıların, inanclı adamların isə qarşısını kəsən çox problemlər var:

“Milli düşüncəli, mötədil etiqadlı şəxslərin çoxu maddi – sosial problemlərinin ağuşunda pərən-pərən olublar. Amma ora-bura bağlı planlar, İrandan, ərəb ölkələrindən qidalananlar həm qaz vurub qazan doldurur həm də cəmiyyətə müəllimlik, mollalıq etməyə çalışırlar.

Din mənəviyyat, əxlaq deməkdir. Amma bu gün sosial şəbəkələrdə dini mövzuların müzakirəsində mənəviyyatsızlıq, əxlaqsızlıq görürük. Normal müzakirə aparmaq qabiliyyətində olmayanlar cəmiyyətə hansı mənəvi dəyəri aşılaya bilər?”.

 

Şəbnəm

Gununsesi.info