Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb. İnflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub.
Bu barədə Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, inflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin aşağı düşməsi ilə bağlıdır.
Onun sözlərinə görə, inflyasiyanın strukturunda idxal olunan məhsullarının qiyməti xüsusi çəkiyə malik olduğundan regional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Deputat bildirib ki, bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur.
V.Bayramov qeyd edib ki, ötən ay üzrə inflyasiyanın stukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini təxminən 2 dəfə bənd üstələməsidir.
“Rəsmi inflyasiya səviyyəsi 1.7 faiz olduğu halda xidmətlərdə qiymətlər 3.2 faiz yüksəlib. Bunun əsas səbəbi bir sıra xidmətlər üzrə yanvardan reallaşan artımlar olsa da, ödənişli xidmətlərin qiymətinin monitorinq edilməsi olduqca vacibdir. Çünki ötən ay xidmətlərin qiyməti hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də, bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”, – deyə o yekunlaşdırıb.
Gununsesi.info