Ceyms O’Brayen sabah Bakıda olacaq - DEPUTAT DEYİR Kİ...

  • By admin
  • 05 Dekabr 2023 11:32

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen (James O’Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacaq.

Gununsesi.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.

O’Brayen Rumıniyada taxıl ixracı sammitinə qatılacaq. Sammitdə Rumıniya, Ukrayna, Moldova və Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri iştirak etməlidir.

Xatırladaq ki, ABŞ diplomatının Bakıya səfəri barədə razılıq noyabrın 28-də dövlət katibi Antoni Blinkenin (Antony Blinken) Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi zamanı əldə edilib. Rəsmi məlumatda deyilirdi ki, Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə köməkçisi O’Brayenin Azərbaycana səfərinə icazə verilməsini rica edib. Məlumata görə, Əliyev “Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın”.

Milli Məclisin deputatı İlham Məmmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, ABŞ hökuməti Azərbaycanın şərtlərini qəbul etməklə doğru addım atıb: “Yaxşı hal odur ki, ABŞ hökuməti Fransanın səhvlərini təkrarlamadı. Hesab edirəm ki, bu səfər zədələnmiş münasibətlərin nizama salınmasına tövhə verəcək”.

Azərbaycanın uzun illər ABŞ-la dostluq münasibətində olduğunu xatırladan deputat ölkəmizin NATO-nun Əfqanıstandakı sülhyaratma prosesinə böyek tövhə verdiyini vurğuılayıb: “Bunu unutmamalıdırlar. Təəssüflər olsun ki, ABŞ-dakı erməni lobbisi bu dövlətin xarici siyasətində təsir edir. Görünür, Bayden Administrasiyası  bu təsirin iki ölkə arasında ciddi uçurum yaradacağını dərk etdi”. 

İlham Məmmədov deyir ki, Azərbaycanın özünün suverenliyini öz gücüylə qazanması regionda marağı olanların planını pozub: “Region uğrunda gedən savaşda biz kiməsə alət olmaq istəmirik. Artıq suverenliyimiz də bərpa olunub. Bütün qonşularla, qonşu olmayanlarla ikitərəfli, bərabər hüquqlu münasibətə açığıq”.

 

Elmar Elnuroğlu

Gununsesi.info