Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç Gədəbəyin Söyüdlü kəndində ətraf mühitlə bağlı etirazların dağıdılması və iştirakçıların həbsindən narahatlığını bildirib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda komissar daxili işlər naziri Vilayət Eyvazova məktubunda yazıb.
Komissar yazıb ki, polisin etirazçılara qarşı qeyri-mütənasib gücdən və çevik polis qüvvələrindən istifadə etməsi ciddi insan haqları məsələlərinə yol açır.
O, məktubunda hüquq-mühafizə orqanlarının hesabatlılığını təmin etməyin, aksiyalara cəlb olunan polis əməkdaşlarının hamısına insan haqları standartları üzrə adekvat təlim keçməyin vacibliyini qeyd edib:
“Bu etirazların dinc xarakterli olmasını nəzərə alaraq, dağıdılmasının hüquqi bazası və əsaslandırmasına dair izahat gözləyirik”.
Miyatoviç etirazlardan sonra Söyüdlü kəndinə girişə məhdudiyyətlərin qoyulduğunu vurğulayıb: “Bütün bunlar yerli sakinlərin insan haqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyata sayqı ilə bağlı ciddi narahatlığa yol açır”.
Məktubda sözügedən tədbirlərin müstəqil jurnalistlərin, insan haqları müdafiəçiləri və vəkillərin legitim işini xeyli məhdudlaşdırdığı qeyd olunur.
Miyatoviç bu tədbirlərin hüquqi əsaslarına, onların insan haqları standartlarına – ifadə azadlığı, sərbəst toplaşma, ictimai işlərdə iştirak, azad məhkəmə təminatı hüquqlarına uyğunluğu haqda informasiya istəyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Gədəbəyin Söyüdlü kəndində sakinlər ekoloji fəlakətə etiraz olaraq aksiya keçirib.
Daxili İşlər Nazirliyindən komissarın məktubu ilə bağlı münasibət bildirilməyib.
Şəbnəm Rəhimova
Gununsesi.info