Azərbaycanın tanınmış şairi, tərcüməçisi və ədəbiyyat bilicisi Çingiz Əlioğlu vəfat edib.
Gununsesi.info xəbər verir ki, Çingiz Əlioğlunun vəfatı ilə bağlı ədəbiyyat və mədəniyyət xadimləri şairlə bağlı xatirələrini bölüşüblər.
Şair Səlim Babullaoğlu Çingiz Əlioğlu ilə bağlı onunla bağlı xatirələrindən yazıb.
Babullaoğlunun sözlərinə görə, Çingiz Əlioğlu onun atasının gənclik dostu olub və bir vaxtlar eyni yataqxanada, eyni otaqda yaşayıblar.
“Çingiz müəllim bir çox şeirləri ilə müasir Azərbaycan poeziyasının təkrarolunmaz nümayəndəsi idi”, – deyə S.Babullaoğlu qeyd edib.
O, iki il əvvəl Çingiz Əlioğlunun yubileyinə dəvət alarkən ona hədiyyə olaraq şeirlərindən 6-7-ni qiraət etdiyini və həmin qiraətləri Azərbaycan Radiosunun studiyalarından birində yazdıraraq şairə təqdim etdiyini bildirib.
Ədəbiyyatşünas və yazıçı Qismət Rüstəmov Çingiz Əlioğlunu alliterasiya və assonans ustası, poeziya tarixini dərindən bilən kübar insan kimi xarakterizə edib.
“Onun əla esseistikası var, xüsusilə rus poeziyası haqqında gözəl yazılar yazıb. Bir neçə poeması, xüsusilə ağ şeirdə yazılmış ‘Diaspora’ həm tematik, həm də stilistik baxımından nadir mətndir”, – Q.Rüstəmov yazıb.
Professor, jurnalist Qulu Məhərrəmli isə Çingiz Əlioğlunu çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair, tərcüməçi və ədəbiyyat bilicisi kimi səciyyələndirib.
Onun sözlərinə görə, Çingiz Əlioğlu yaradıcılığında və həyat fəaliyyətində fərqli, orijinal, kübar, davranışında və söz seçimində zərif, yüksək dərəcədə mədəni, bilikli və intellektual şəxsiyyət olub.
Xalq şairi Sabir Rüstəmxanlı da Çingiz Əlioğlunun vəfatından yazaraq onunla 60 illik dostluğundan söz açıb.
S.Rüstəmxanlı paylaşımında şairin vəfat xəbərindən əvvəl onu yuxuda gördüyünü bildirib. O, yuxusunda Çingiz Əlioğlunu sağlam, gənc səsi ilə danışarkən və daha sonra qədim Azərbaycan xalq mahnılarından birini oxuyarkən gördüyünü qeyd edib.
“Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyurduq”, – deyə S.Rüstəmxanlı yazıb.
Xalq şairi Çingiz Əlioğlunun ilk şeirinin 1967-ci ildə çap olunduğunu, onun ciddi yaradıcılıq yolunun Rəsul Rzanın xeyir-duası ilə başladığını bildirib.
Sabir Rüstəmxanlının sözlərinə görə, şairin yaradıcılığı özünəməxsus üslubu və ifadə tərzi ilə seçilib, onun poetik səsi Azərbaycan ədəbiyyatında aydın eşidilib.
Çingiz Əlioğlu uzun illər nəşriyyat və dövlət idarələrində çalışıb. O, “Gənclik” nəşriyyatında, “Azərnəşr”də, Mətbuat və İnformasiya Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində fəaliyyət göstərib. Əməkdar mədəniyyət xadimi olub.
Çingiz Əlioğlu həmçinin tərcüməçilik fəaliyyəti ilə məşğul olub, müxtəlif ədəbi janrlarda əsərlər yaradıb.
Sabir Rüstəmxanlı şairin ömrünün böyük hissəsini dostluq etdiyi Çingiz Əlioğlu ilə bağlı xatirələrinin bir kitaba sığmayacağını yazıb:
“Bənzərsiz, gözəl bir insan idi. Ruhun şad olsun, əziz dost. Əlvida, Çingiz!”
Orxan











