Elxan Şahinoğlu: "Hindistan-Aİ ticarət sazişi Vaşinqtona mesajdır"

Avropa İttifaqı (Aİ) və Hindistan təxminən 20 il davam edən danışıqlardan sonra azad ticarət haqqında sazişi razılaşdırıblar. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Nyu-Dehliyə səfər edərək Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Saziş 2 milyard əhalini əhatə edən azad ticarət zonası yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.

Razılaşmaya əsasən, Hindistan Avropadan idxal olunan meyvə şirələri, ərzaq məhsulları və bitki yağlarına tətbiq olunan rüsumları ləğv edəcək, Avropa istehsalı spirtli içkilərə tətbiq edilən rüsumlar isə 40%-ə endiriləcək. Ümumilikdə, Aİ-dən ixrac olunan malların 96,6%-i tarif güzəştlərindən yararlanacaq.

Eyni zamanda Aİ Hindistana ekoloji əməkdaşlıq üçün 500 milyon avro ayıracaq və sazişin 2026-cı ildə imzalanması gözlənilir.

“Biz 2 milyard əhalini əhatə edən azad ticarət zonası yaratdıq və bundan hər iki tərəf faydalanacaq”, — deyə fon der Lyayen bildirib. O, sazişi “bütün dövrlərin ən böyük ticarət razılaşması” adlandırıb, Modi də eyni ifadəni işlədib.

Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu sazişdən əvvəl də Avropa İttifaqı Hindistanın ən böyük ticarət tərəfdaşı statusuna malik idi.

“Rəqəmlər də bundan xəbər verir. 2024-2025-ci illərdə Hindistan və Avropa İttifaqı arasında ikitərəfli mal ticarəti 136,53 milyard dollara çatıb. 2024-cü ildə xidmət ticarəti 83,1 milyard dollar təşkil edib.

Hazırki sazişin əhəmiyyəti həm də ondadır ki, hindistanlı ixracatçılar Çindən asılılığını azalda biləcəklər. Hindistanla Avropa İttifaqı arasında imzalanan ticarət sazişi Vaşinqtona da mesajdır.

Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Hindistanla ticarət sazişinin imzalanmasını ləngidir. Trampın Hindistandan tələbləri var.

Təsadüfi deyil ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Brüssellə Dehli arasında imzalanan sazişi tənqid edib. “Biz Hindistana Rusiya nefti aldığına görə 25%-lik rüsum tətbiq etdik. Ancaq avropalılar Hindistanla ticarət sazişi imzaladılar. Avropalılar özlərinə qarşı müharibəni maliyyələşdirirlər” – deyə Skott Bessent bildirib. Buna baxmayaraq, Brüssel Vaşinqtonun məsləhətinə məhəl qoymayıb”,-deyə o əlavə edib.

 

Şəbnəm

Gununsesi.info