“Ermənistana təhvil verilən şəxslərlə bağlı qərar ad-hoc və humanist xarakter daşıyır” -ŞƏRH

“Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlar artıq məhkum edilmiş şəxslərin törətdikləri cinayətlərin kateqoriyasına uyğun olaraq qiymətləndirilir. Təbii ki, biz bu şəxslərin cinayətləri haqqında danışarkən, onların yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı, o cümlədən müharibə cinayətləri törətdiyini nəzərə alırıq. Buna görə də dörd nəfərin Ermənistana təhvil verilməsi o demək deyil ki, digər kateqoriya cinayətlər törətmiş şəxslərə də bu yanaşma avtomatik şəkildə şamil ediləcək”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Bu tamamilə ayrı-ayrı, ad-hoc xarakterli bir addımdır. Bu addım Azərbaycan dövləti tərəfindən geosiyasi kontekst nəzərə alınaraq, humanist jest kimi atılıb. Dünyada bu kimi presedentlər mövcuddur. Əgər beynəlxalq tribunal təcrübələrinə baxsaq, məsələn, keçmiş Yuqoslaviya üzrə yaradılmış beynəlxalq tribunalı və ya Ruanda üzrə təsis edilmiş tribunalı xatırlaya bilərik. Həmin tribunallar çərçivəsində bəşəriyyətə qarşı ağır cinayətlər törətmiş bəzi şəxslər sonradan ya təhvil verilmiş, ya da azadlığa buraxılmışdır. Lakin bu, heç vaxt ümumi və hamıya şamil olunan bir yanaşma olmayıb”.

Deputatın fikrincə, Azərbaycan dövləti bu məsələdə həm beynəlxalq hüququ, həm beynəlxalq humanitar hüququ, həm də mövcud siyasi konteksti nəzərə alaraq addımlar atır:

“Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir. Ermənistanda sosial şəbəkə istifadəçilərinin və ya revanşist dairələrin səsləndirdiyi fikirlər yalnız onların öz mövqeyidir və bu qərarlara heç bir təsir göstərmir.

Bu məsələdə əsas götürülən məqamlar Azərbaycanın qərarları, prinsipləri və dövlətimizin məsələyə kompleks yanaşmasıdır. Ona görə də bunu presedent yaradan və ya digər şəxslərə də tətbiq ediləcək bir hal kimi qiymətləndirmək düzgün deyil.

Bu, yalnız xüsusi bir vəziyyət üzrə, ad-hoc qaydada həyata keçirilmiş Azərbaycanın humanist jesti kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu addım dünyaya bir mesajdır ki, Azərbaycan güclü, Vətən müharibəsində qalib gəlmiş bir dövlət olaraq, qisas hissi ilə deyil, hüquq, humanizm və ədalət prinsipləri əsasında hərəkət edir. Əgər müəyyən şəxslərin Ermənistana təhvil verilməsi mümkün və məqsədəuyğun hesab edilirsə, bu məsələ nəzərdən keçirilir və müvafiq qərar qəbul olunur.

Lakin bu heç bir halda o demək deyil ki, Azərbaycan bu məsələlərdə hansısa təzyiqlər altında qalır, kənar diktələrlə hərəkət edir və ya xarici siyasətini kimlərinsə mövqeyinə uyğun qurur. Azərbaycan bütün addımlarını yalnız milli maraqlarına, mövcud qanunvericiliyinə və dövlətin ali prinsiplərinə əsaslanaraq atır. Məhz bizi güclü edən də budur ki, ədalət mühakiməsi, beynəlxalq hüquq və milli qanunvericiliyin vahid və kompleks şəkildə dəyərləndirilməsi”.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

 

Şəbnəm Rəhimova

Gununsesi.info