“Fransalı deputatlar Ağdam və Füzulidə gördüklərindən dəhşətə gəldilər”

  • By admin
  • 26 İyul 2021 16:35

“Fransa nümayəndə heyətinin Azərbaycana səfəri parlamentlərarası əlaqələrin inkişafı, eyni zamanda, Azərbaycan həqiqətlərinin Fransa ictimiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu səfər kifayət qədər səmərəli keçdi”.

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Frans parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

O qeyd edib ki, səfər zamanı fransalı deputatlar Gəncədə Ermənistanın raket hücumlarına məruz qalmış ərazilərlə tanış olublar. Bundan başqa, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfərləri zamanı Ermənistanın 30 il ərzində törətdiyi dağıntıları, vəhşiliyi öz gözləri ilə görüblər.

Soltan Məmmədov Fransa Milli Assambleyasının üzvlərinin Ağdam və Füzuli rayonlarında gördüklərindən dəhşətə gəldiklərini bildirib. Nümayəndə heyətinə daxil olan deputatlar dağıntıların miqyasının təsəvvür etdiklərindən daha ağır olduğunu vurğulayıblar:

“Fransalı həmkarlarımı daha çox təəccübləndirən ermənilərin dini abidələrə, tarixi binalara, mədəni irsimizə qarşı münasibəti oldu. Onlar Ağdamda Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını, Ağdam Cümə Məscidini,  Füzulidə Hacı Ələkbər məscidinin yerləşdiyi ərazini, Qarğabazar kəndində qədim karvansarayı və digər yerləri öz gözləri ilə gördülər. Hesab edirəm ki, bu yerlərdə gördükləri onların təsəvvürlərini xeyli dərəcədə aydınlaşdırdı”.

“Fransa nümayəndə heyətinə Azərbaycan dövlətinin qısa nüddət ərzində işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işləri, Ağdam şəhərinin baş planı barədə məlumat verilib. Ermənistanın törətdiyi dağıntılar, xaraba qoyduğu yaşayış məskənləri, Azərbaycanın həyata keçirdiyi tikinti-abadlıq işləri barədə məlumat verdik. Bir daha vurğuladıq ki, Azərbaycanın indi həyata keçirdiyi genişmiqyaslı işlər bizim Ermənistandan əsas fərqimizi görməyə imkan verir, bu torpaqların əsl sahibinin kim olduğunu göstərir”, – deyə Soltan Məmmədov qeyd edib.

Gununsesi.info