Gərginlik daha da artır: Rusiyadan “İsgəndər” istədilər

  • By admin
  • 17 Noyabr 2021 14:49

Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qeyd edib ki, Rusiya lazım gələrsə, Belarusa bir neçə batalyon “İsgəndər” raket kompleksləri verə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Xrenin “Əl-Cəzirə” telekanalına danışıb.

O bildirib ki, Rusiyanın bu raket sisteminin yenidən silahlanması prosesini faktiki olaraq tamamladığı görünür: “Biz bu sistemi ölkəmizdə görmək istəyirik. Əslində, ona hazırda sahib olduğumuzu söyləyə bilərik. Mən desəm ki, bizim bu raket sistemi ilə təchiz olunmuş regional hərbi qrupumuz var, böyük hərbi sirr vermiş olmuram. Bu qrup lazım olanda ölkəmizə gələcək və bizimlə birgə vəzifələrini yerinə yetirəcək”.

Rusiya bazalarının Belarusda yerləşdirilməsinin mümkünlüyü barədə suala Xrenin belə cavab verib: “İttifaq dövləti olduğumuz halda bu bazalara niyə ehtiyacımız olsun ki? Regional hərbi qruplaşma deyilən bir anlayış var. Bu qrup Belarusun bütün ordusundan və Rusiyanın qüvvə və texnikasının bir hissəsindən ibarətdir. Hesablamalarımıza görə, bu, kifayət qədər yetərlidir. Lazım gələrsə, Rusiya yanımızda, dərhal ölkəmizdə olacaq. Buna görə də əlavə hava və ya digər bazaların yerləşdirilməsinə ehtiyac yoxdur”.

Qonşu ölkələrin öz torpaqlarında fəal şəkildə xarici bazalar yerləşdirdiyinə diqqət çəkən Viktor Xrenin Belarus və Rusiyanın fərqli mexanizm hazırladığını bildirib: “Biz əsgərlərimizi təlim mərkəzlərində öyrədirik. Yeni avadanlıqları nəzərdən keçiririk. Rusiya ilə təcrübə mübadiləsi aparırıq. Bu qədər. Ona görə də bazalar olmayacaq, amma lazım gələrsə, prezidentin də dediyi kimi, bütün Rusiya ordusu burada olacaq”.

Gununsesi.info