Son insidentlər onun əmri ilə reallaşıb – Qabil Hüseynli

  • By admin
  • 17 Noyabr 2021 14:57

“Ermənistan cəmiyyəti tamamilə qarışıqlıq içərisindədir. Revanşist qüvvələr artıq cəmiyyətin ictimai rəyinə nüfuz edib və onu yönləndirməyə çalışır. Küncə sıxışdırılmış Paşinyan isə Azərbaycan üzərində hər hansısa bir lokal uğur qazanıb danışıqlarda əlini gücləndirmək istəyir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənistanın çirkin planı baş tutmadı: “Ermənilərin sərhəddə törətdiyi təxribatdan sonra Ermənistan müdafiə naziri vəzifəsindən kənarlaşdırıldı. Daha sonra isə Kəlbəcər və Laçın istiqamətində törədilən insidentlərdə Ermənistan ordusu ciddi itkilər verdi. Bunun əsas səbəblərindən biri Ermənistan daxilində olan revanşist qüvvələrin Paşinyanı nəyəsə məcbur etməsidir. Ancaq onların törətdikləri təxribatlar nəticə vermədi. Rusiya, ABŞ, Fransa ermənilərin bu təxribatlarını dəstəkləyən dövlətlərdəndir. Rusiyanın sülhməramlı qüvvələri ermənilərin təxribat törətməsinin qarşısını almalı idi. Ancaq həmin qüvvələr sülhməramlıların gözü qarşısında təxribatlar törətdilər”.

Q.Hüseynli vurğulayıb ki, dünya gücləri bu məsələdə obyektiv mövqe tutmaq istəmirlər: “Onlar ermənilərin törətdiyi təxribatlara ikili standartlarla yanaşırlar. Baş verən hadisələrlə bağlı Rusiya prezidenti ilə Fransa prezidenti arasında məsləhətləşmələr aparılıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında sərhəddə baş verənlərlə bağlı danışıqlar olub. Prezident bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü və sərhəddə onların törətdikləri təxribatlara cavab olaraq adekvat addımların atıldığını bildirib. Rusiya elan etmişdi ki, yeni üçtərəfli görüş keçiriləcək, ancaq Paşinyan bu görüşün baş tutmasını pozdu. İndi isə yeni görüşün nə vaxt keçiriləcəyi haqqında dəqiq bir məlumat yoxdur. Ermənistan hakimiyyətinin bölgədə sülhün olması ilə bağlı fikirlərinin olmaması ortaya çıxır. Görünür ki, bölgədə yeni bir müharibənin yaranmasına hansısa qüvvələrin marağı var. Fransa Prezidenti Emmanuel Makronun hərəkətləri bütün etik, siyasi normalara ziddir. Rusiya siyasi rəhbərliyi isə bölgədə qarışıqlıq yaranmasına zəmin yaradır. Ancaq Ermənistan nə qədər təxribatlar törətsə də, Azərbaycan Ordusu onun qarşısını alır və adekvat tədbirlər görür. Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün bərqərar olması üçün çağırışlar edir. Biz demarkasiya və delimitasiya işlərinin tez bir zamanda aparılması və sülh müqaviləsinin imzalanması üçün addımlar atırıq. Son insidentlər isə birbaşa olaraq Nikol Paşinyanın əmri ilə olmuş hadisələrdir. Bu təxribatlar Ermənistan siyasi rəhbərliyinin əmri ilə baş tutub. Onlar bu cür insidentlər törədərək hər hansısa bir uğur qazanıb danışıqlar masasında əllərini gücləndirmək istəyirlər. Ancaq Azərbaycan Ordusu Ermənistanın qurduğu bütün planları alt-üst etdi”.

Gununsesi.info