“İndi nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Rusiya əvvəlki Rusiyadır”

“Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq qatıldığı Şuşa Qlobal Media Forumu diplomatiya, informasiya siyasəti və beynəlxalq arenada milli maraqların təşviqini unikal şəkildə birləşdirərək Azərbaycanın xarici siyasət strategiyasının əsas elementinə çevrilib. Bu kontekstdə dövlət başçısının açıqlamalarında formalaşmağa başlamış yeni dünya düzənində Azərbaycanın yeri və rolu, qarşıda duran əsas vəzifələr, postmüharibə dövrünün reallıqları, xarici siyasətin əsas prioritetləri, dünyanın aparıcı, eləcə də Azərbaycanla qonşu dövlətlərlə olan münasibətlərə aydınlıq gətirildi və mühüm mesajlar verildi. Bu baxımdan Türkiyəyə, Rusiyaya və Ukraynaya dair verilən suallara cavablar çox diqqətçəkəndir”.

Bu fikirləri Gununsesi.info-ya deputat Əli Məsimli bildirib:

“Prezidentin Azərbaycanla Türkiyənin münasibətlərinə dair suala verdiyi cavab “bir millət-iki dövlət” və fikirdə, sözdə, işdə birlik kontekstində cəmiyyətin ruhuna çox uyğundur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söylədiyi məşhur “…Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı Azərbaycan tərəfindən də eynən qardaş Türkiyəyə də aiddir: “Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.” Bu kontekstdə Azərbaycan Prezidenti tərəfindən bildirilib ki, siyasi, iqtisadi, enerji, bağlantılar, əməkdaşlıq, insanlar arasında təmaslar səviyyəsinə və sair bu kimi göstəricilərə görə dünyada bir-birinə bu qədər yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmaq mümkün deyil. “Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq.” Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir.

Prezident Azərbaycanın Rusiya ilə münasibətlərindən danışarkən Bakı ilə Moskva arasındakı münasibətlərin normallaşdığını və müsbət dinamika ilə inkişaf etdiyini bildirib. Hazırda müxtəlif dövlət qurumları arasında təmasların aktivləşdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Eyni zamanda forumda Rusiya-Azərbaycan əlaqələrinə dair bir neçə mühüm strateji baxış da ortaya qoyulub. Azərbaycan Prezidentinin fikirləri İkinci Qarabağ müharibəsindəki qələbədən sonra ölkəmizin regionda yaratdığı yeni reallıqları dəqiq ifadə edir, həm də Azərbaycanın milli maraqlarına tam uyğundur və mahiyyəti bundan ibarətdir ki, Cənubi Qafqaz əsaslı surətdə dəyişib, beş il əvvəlkindən tamamilə fərqli bir regiondur. Bu kontekstdə artıq nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Rusiya əvvəlki Rusiyadır“.

Deputat qeyd edib ki, Azərbaycanın suverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir:

Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızın dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazın sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir. Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mümkünsüz görünən nəticələr seriyasını davam etdirir. Beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması uğrunda mübarizədəki qələbəsi sayəsində yaratdığı yeni situasiyada Rusiyanın həm Azərbaycanı, həm də Ermənistanı öz təsir dairəsində saxlamaqdan ötrü tətbiq etdiyi “ərazi konflikti tələsi” artıq aradan qalxıb. Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir. Suverenlik – böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır. Azərbaycan bu imkandan uğurla bəhrələnərək beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxıb. Son vaxtlar Azərbaycanda düzənlənən bir sıra mötəbər tədbirlər, dövlət başçılarının görüşləri işğaldan azad edilmiş ərazilərimizdə keçirilir. Qlobal Media Forumunun dördüncü dəfədir ki, Şuşada çox yüksək səviyyədə keçirilməsi buna əyani misaldır.

Bu faktlar Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin fonunu tamamilə dəyişib. Yaranmış yeni situasiyada artıq Moskva Cənubi Qafqazda öz geosiyasi prioritetlərini diqtə edə bilməz. Ona görə də Azərbaycan Prezidenti bildirib ki, Cənubi Qafqaza geosiyasi mübarizə meydanı kimi baxılmamalıdır. “Bu regionda marağı olan, bölgədə sülhün və əməkdaşlığın olmasına maraq göstərən hər kəs Cənubi Qafqazın bütün ölkələri ilə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir.” Münasibətlər asılılıq prinsipinə yox, qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanmalıdır”.

 

 

Şəbnəm

Gununsesi.info