İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldı: Əmanətçiləri nə gözləyir?

  • By admin
  • 26 May 2023 14:36

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Belə ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Bankın fəaliyyətinin məhdudlaşdırılması onun xidmətlərindən istifadə edən şəxslərə hansı çətinliklər törədə bilər? Əmanətçilərin vəsaitləri təhlükəsiz şəkildə qaytarılacaqmı?

Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın bu addımı məhz əmanətçilərin xeyrinə hesablanıb:

“İran Milli Bankı ilə bağlı qəbul edilmiş məhdudlaşdırma qərarı birbaşa bank müştərilərinin əziyyət çəkməməsi, əmanətçilərin pullarını geri götürə bilməsinə şərait yaradılması niyyəti ilə verilib. Burada, əslində, Mərkəzi Bank çalışır ki, İran Milli Bankında hesabı olan vətəndaşların pullarını çəkmək məsələsində problemləri olmasın. Praktiki olaraq, hazırda yalnız hesablardan vəsaiti götürmək mümkündür. Bu o deməkdir ki, bank kredit vermir, digər əməliyyatlar yerinə yetirmir və bununla əlaqədar müştərilər müraciət edə bilməzlər”.

İqtisadçı deputatın fikrincə, vətəndaşlar əmanətlərini yerləşdirmək üçün bank seçərkən diqqətli olmalı, xüsusilə, bankın göstəricilərinə baxmalıdırlar:

“Məsələn, İran Milli Bankının Bakı filialının bu ilin ilk rübündə göstəriciləri çox aşağı olub. Bu bank məcmu kapitalına görə ən sonuncu yerdə qərarlaşıb. Müştərilər bu məqamları diqqətdə saxlamalıdırlar. Həmçinin, hansısa banka vəsait qoyarkən onun funksiyası, dövlətçilik aspekti və s. məqamlar da nəzərə alınarsa, daha doğru olar. Hazırda İrana qarşı sanksiyalar mövcuddur. Üstəlik, Qərb bu sanksiyaları genişləndirib.

Ona görə düşünürəm ki, İran Milli Bankı ilə bağlı verilmiş qərar mövcud çağırışlara cavab verən addımdır. Nəzərə almalıyıq ki, bankın aktivləri də kifayət qədər aşağıdır. Bu aktivlərin aşağı olmasının da riskyaradıcı effektləri böyüyüb. Mərkəzi Bank isə prosesi nəzarətə götürərək, İran Milli Bankı ilə əlaqədar sistemli şəkildə qərar vermək istəyir. Bu isə bankda vəsaiti olan vətəndaşların hüquqlarının pozulmamasına xidmət edərək, onların vəsaitlərini geri götürməsi üçün çətinlik yaradılmamasından ibarət oldu”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən İran kapitallı yeganə bank – İran Milli Bankının Bakı filialının 2023-cü ilin birinci rübünün nəticələrinə əsasən, faiz gəlirləri 798 min manat, faiz xərcləri isə cəmi 19 min manat olub.

Bundan başqa, bank xarici valyuta əməliyyatlarından 113 min manat gəlir əldə edib, eləcə də aktivlərin dəyərsizləşməsi üzrə ayrılmış ehtiyatlardan 140 min manat geri qaytarılıb. Bankın inzibati xərcləri bu dövrdə 497 min manat təşkil edib. Nəticədə bank birinci rübü 621 min manat xalis mənfəətlə başa vurub.

Bankın aktivləri cari ilin birinci rübündə 102,3 milyon manat təşkil edib ki, bu da ötən ilin sonuna nisbətən 5,9%, yəni 5,7 milyon manat çoxdur. Bunun 8,4 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son üç ayda Bakı filialının kredit portfeli 10,7%, yəni 1 milyon manat kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 8,6% və ya 5,1 milyon manat artaraq 64,4 milyon manata çatıb. Kapitalı isə 1,6%, yaxud 622 min manata yaxın artaraq 37,9 milyon manata çatıb.

Gununsesi.info