“İranla viza rejimini aradan qaldırmalıyıq” – Deputat

  • By admin
  • 26 Avqust 2023 14:31

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan və İran arasındakı sərhədlər və iki ölkə arasındakı viza rejimi barədə fikirlərini bölüşüb.

Gununsesi.info-ya özəl açıqlamasında deputat Qüdrət Həsənquliyev bildirib ki, Cənubi Azərbaycanda yaşayanların öz evlərinə gedib-gələ bilməsi üçün İranla viza rejimi ləğv edilməlidir.

“İranla viza rejimini aradan qaldırmalıyıq ki, sadə adamlar, cənublular öz evlərinə gedib-gələ bilsin. Humanitar, ticari, mədəni, iqtisadi əlaqələr genişlənsin. İnsanlar daha çox bir-birinə bağlansın”.

Deputat Həsənquliyev viza ilə bağlı bu fikirlərini xalqın ikitərəfli bütövləşməsi və millətləşməsi ilə əsaslandırıb.

“Aramızda bağlılıq olsun: Bizim toylarımıza Təbrizdən, Ərdəbildən müğənni dəvət etmək lazımdır. Gəlsinlər, oxusunlar. Gedirlər, Rusiyadan, Amerikadan müğənni çağırırlar. Bizimkilər getsinlər, orada oxusunlar. Bizim teatr xadimləri getsinlər, orada tamaşalar göstərsinlər. Onlar gəlsinlər, burada solo konsertlər olsun. Bir millət olaraq qaynayıb-qarışaq”.

BAXCP sədri açıqlamasında söyləyib ki, bizim İrandakı farslarla da normal münasibətlərimiz olmalıdır.

“Ən başlıcası isə Azərbaycan türkləri ilə bağlılığımız olmalıdır. Bunu üçün də sərhədlər açılmalıdır”, – deyə Həsənquliyev vurğulayıb.

 

Gununsesi.info