Keçmiş mühacir həbsdə aclıq edir

  • By admin
  • 04 Oktyabr 2022 17:49

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və Almaniyadan siyasi mühacir olduğu bildirilən Anar Əliyev quru aclığa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan A.Əliyev quru aclığı ona qarşı siyasi və qurama ittiham irəli sürülməsi, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulması və 6 yaşlı qızının şəxsiyyət sənədlərinin düzəlməsinin qarşısının alınmasına etiraz olaraq başlayıb.

Vəkil qeyd edib ki, A.Əliyev hazırkı vaxtadək həkim müayinəsindən keçirilməyib.

Bu məsələ ilə bağlı hələlik DİN-dən açıqlama almaq mümkün olmayıb.

Anar Əliyevin Almaniyada humatinar əsaslarla sığınacaq aldığı və iyulun 8-də xəstə atasını ziyarət etmək üçün həyat yoldaşı və 2 uşağı ilə birlikdə Azərbaycana gəlib və  iyulun 25-də həbs edilib.

Onun həyat yoldaşının Azərbaycandan çıxmasına qadağa qoyulduğu və bu səbəbdən, uşaqların təhsilini davam etdirməsi üçün geri qayıda bilmədiyi bildirilir.

Anar Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,… hazırlama,… göndərmə və ya satma) və 234.4.3 ( küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Anar Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini bildirir.

 

Gununsesi.info