Laçındakı alternativ yolda GÖMRÜK POSTU QURULACAQ?

  • By admin
  • 30 Avqust 2022 11:57

“Bu gün axşam saat 20:00-dan sonra bizim Laçın dəhlizi kimi tanıdığımız Zabux-Sus-Laçın yolu tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Beləliklə, dəhlizdə rusiyalı sülhməramlıların və erməni vətəndaşların hərəkəti tamamilə dayandırılacaq. Bundan sonra Rusiyanın sülhməramlı qüvvələri və ermənilər Xankəndi ilə əlaqəsini yeni çəkilən alternativ yol üzərindən quracaqlar”.

Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert bildirib ki, bu yola ilkin mərhələdə əvvəl olduğu kimi rusiyalı sülhməramlılar nəzarət edəcəklər:

“Yolun nəzarət mexanizmi yaxın gələcəkdə razılaşdırılacaq. Bu məsələyə daha çox Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın günlərdə baş tutacaq görüşündən sonra aydınlıq gətiriləcək. Yəni Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşarsa, oradakı nəzarət mexanizmləri birgə bəyanatın şərtlərinə uyğun olaraq həyata keçirilməsinə İrəvan tərəfindən razılıq verilərsə, o zaman Azərbaycan da eyni şərtləri yeni alternativ yolda tətbiq etməyə hazır olacaq. Əks halda isə rəsmi Bakı öz ərazisindən keçərək Xankəndinə gedən yola da Azərbaycan əsgərlərini yerləşdirəcək”.

Ədalət Verdiyevin fikrincə, Bakı Qarabağın Ermənistanla əlaqəsini Azərbaycanın Naxçıvanla ikitərəfli maneəsiz əlaqəsi təmin olunmayana qədər qapalı saxlayacaq:

“Bu gün axşam saat 22:00-dan sonra artıq “Laçın dəhlizi” adlı bir məhfum Azərbaycan üçün mövcud olmayacaq. Bu, artıq bir Laçın yoludur. Digər alternativ yol üzərində gömrük postu və ya digər nəzarət-buraxılış məntəqələri yerləşdirməyimiz Zəngəzur dəhlizinin statusu ilə bağlı olacaq. Yəni ermənilər bizə Zəngəzur dəhlizi ilə bağlı nə təklif edə biləcəklərsə, eynisini alternativ Laçın yolunda ala biləcəklər. Nə artıq, nə də əskik… Sadəcə eynisini alacaqlar”.

Gununsesi.info