“Mən Putinə Rusiyanın Ukraynaya qarşı hərəkətə keçəcəyi təqdirdə nə baş verəcəyini demişəm” - BAYDEN

  • By admin
  • 23 Fevral 2022 01:02

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Son bir neçə ay ərzində biz Avropadakı və dünyadakı NATO müttəfiqlərimizlə fəaliyyətimizi yaxından əlaqələndirir, cavab hazırlayırıq. Mən bir ay əvvəl Rusiya Prezidenti Vladimir Putinə Rusiyanın Ukraynaya qarşı hərəkətə keçəcəyi təqdirdə nə baş verəcəyini demişəm. Rusiya Ukraynaya qarşı hərəkətə keçdi. Ona görə də bu gün mən onun hərəkətlərinə cavab olaraq Rusiyaya qarşı sanksiyaların ilk tranşını elan edirəm. Biz bu sanksiyaları müttəfiqlər və tərəfdaşlarla koordinasiyada qəbul edirik və əgər Rusiya eskalasiyaya keçsə, sərtləşdirəcəyik”, – Bayden deyib.

Bayden həmçinin iddia edib ki, Rusiya qondarma Donetsk və Luqansk “xalq respublikalarının” suverenliyini tanıyıb, “Ukraynadan böyük bir parça kəsib” və bu gün də belə hərəkətləri davam etdirir. “Sadə dillə desək, Rusiya indicə Ukraynadan böyük bir parça kəsdiyini elan etdi”, – o, çərşənbə axşamı Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətə diqqət yetirən çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynaya hücuma başlayıb. “Dünən gecə (Rusiya Prezidenti Vladimir) Putin Rusiya qüvvələrinin bu bölgələrə yerləşdirilməsini əmr etdi. Bu gün o, bu bölgələrin həqiqətən tanıdığı ərazilərdən daha geniş sərhədlərə malik olduğunu iddia etdi”, – Bayden deyib.

“Məncə, o, güc yolu ilə daha da çox ərazi ələ keçirmək üçün əsas yaratdı”, – ABŞ rəhbəri əlavə edib: “Bu, Rusiyanın Ukraynaya hücumunun başlanğıcıdır”.

Bayden iddia edib ki, Putinin çıxışı dialoqa getmək istəyinin tamamilə yoxluğunu göstərib. Birləşmiş Ştatlar Prezidenti bildirib ki, ABŞ Rusiya ilə diplomatik işə hazırdır və Moskvada da eyni münasibətə ümid edir.

Bayden deyib ki, Birləşmiş Ştatlar çərşənbə günü rus elitasına, çərşənbə axşamı isə Rusiyanın dövlət inkişaf korporasiyası, iqtisadi inkişaf layihələrini maliyyələşdirən dövlət investisiya bankınə (VEB) qarşı sanksiyalar tətbiq edəcək. O, həmçinin bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı enerji bazarlarındakı vəziyyəti diqqətlə izləyəcək və addım atmağa hazırdır.

Onun sözlərinə görə, ABŞ Baltikyanı ölkələrin müdafiəsi üçün Avropada hərbi mövcudluğunu gücləndirəcək, lakin Rusiya Federasiyası ilə döyüşmək niyyətində deyil.

 

 

Gununsesi.info