Məşhurların Zəfər sevinci

  • By admin
  • 08 Noyabr 2021 12:34

8 Noyabr – Zəfər Günü ilə əlaqədar instaqram səhifələri üçrəngli Azərbaycan bayrağına boyanıb.

Gununsesi.info xəbər verir ki, Xalq artistləri, tanınmış musiqiçilər, aktyorlar və idmançılar sosial şəbəkələrdə dayanmadan paylaşımlar edir, Ali Baş Komandana təşəkkür sözləri ünvanlayır, şəhidlərimizə dualar oxuyub ailələrinə başsağlığı verir, qazilərə və Vətən müharibəsi iştirakçılarına cansağlığı arzu edirlər.

Xalq artisti Firəngiz Mütəllimova: “Zəfər Günün mübarək vətən, bu şanlı tarixi bizə canlı yaşadan, tarix yazan Ali Baş Komandanımıza, müzəffər ordumuza, əsgərlərimizə, zabitlərimizə, sərhədçilərimizə, qazilərimizə eşq olsun! Bu torpaqları qanı, canı bahasına bizə qaytaran şəhidlərimizə Allah Rəhmət Eləsin! Onların ruhu qarşısında baş əyirəm! Qazilərimizə Allah şəfa versin, Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!”

Xalq artisti Tünzalə Ağayeva: “Hər qarışı can və qanla azad olunan Qarabağ, Şuşa, gözün aydın olsun! Ali Baş Komandanın bir əmri ilə Dəmir Yumruq və Müzəffər Ordumuz vətənə qələbə bəxş etdi, bizə fəthi bəxş edən Allaha sonsuz həmd olsun! Şəhidlərimizin ruhu şad olsun, qələbəmiz mübarək, gözün aydın, Azərbaycan!”

Xalq artisti Faiq Ağayev: “Zəfər Günün mübarək, Azərbaycan! Sən Qalibsən! Bütün dünya Qələbəndən danışır. Odlar Yurdum, Ana Vətən, Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!”

Xalq artisti Röya Ayxan: “Biz bu tarixi qələbəni döyüş meydanında şəhidlər verərək qazanmışıq. 44 gündə keçirdiklərimizi kəlimələrlə ifadə etmək mümkün deyil. Necə həyəcanlı idik. Qəhərləndik, ağladıq, çox qürurlandıq. Sevindik, gözü yaşlı şəkildə küçələrə axışaraq Zəfəri qeyd etdik. Bu, bizim ən böyük birlik nümayişimiz idi. Bizə bunu yaşadan oğullara, Ali Baş Komandana minnətdaram! Qarabağ Azərbaycandır!”

Rəsul Çunayev: “Azərbaycan təmiz qələbələr qazanır! Həm idmanda, həm də döyüş meydanında. Zəfər Gününü bu şüarla paytaxt sakinləri ilə birgə qeyd etdik”.

Gununsesi.info