Medvedevin oğlu Avropa İttifaqının sanksiyalar SİYAHISINDA

  • By admin
  • 19 Dekabr 2023 10:11

Avropa İttifaqının (Aİ) rəsmi jurnalı qəbul edilmiş 12-ci paket çərçivəsində sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərin siyahısını dərc edib.

Gununsesi.info xəbər verir ki, sənəddə Krımın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, eləcə də Zaporojye və Xerson vilayətlərində işləyən rus təbliğatçıları və əməkdaşlar, eləcə də orada rabitə təmin edən şirkətlər və müvafiq olaraq, yayım təbliğatı ilə məşğul olan şirkətlər və onların rəhbərlərindən bəhs edilir.

Aİ-nin sanksiyalarına məruz qalan yüksək vəzifəli şəxslər arasında Dmitri Medvedevin oğlu İlya, Rusiyanın Aerokosmik Qüvvələrinin Baş Qərargahının rəisi Viktor Afzalov, Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov və Rusiya Mərkəzi Seçki Komissiyasının bütün tərkibi olub.

Həmçinin Rusiyanın Hərbi-Sənaye Komissiyasının bir neçə üzvü, Rusiyanın maliyyə tənzimləyicisi Rosfinmonitorinq və onun direktoru Yuri Çixançin, həmçinin bir sıra müdafiə müəssisələrinin direktorları da sanksiyalara məruz qalıb. Onların arasında Çexiyanın əvvəllər ona qarşı sanksiyalar tətbiq etdiyi Rusiyanın KTRV raket şirkətinin baş direktoru Boris Obnosov da var.

Sanksiya qərarlarının bəziləri Rusiya Federasiyasının hərbi sənaye kompleksinin bir sıra müəssisələrinə, o cümlədən “Spetsmaş” ASC, Perm toz zavodu, “Uraltransmaş”, “Tupolev” PJK, Kazan vertolyot zavodu, Tula silah zavoduna aiddir. Məhdudiyyətlər Ukraynaya qarşı təcavüzdə iştirak edən bir neçə Rusiya hərbi və özəl hərbi şirkətlərinə, xüsusən də Redut PMC-nin həmtəsisçisi Anatoli Karaziyaya şamil edilir.

Aİ-nin Rusiya Federasiyasının Alabuqa xüsusi iqtisadi zonasına və əlaqəli hüquqi şəxslərə qarşı sanksiyaları ayrıca qeyd olunur – orada, məlum olduğu kimi, Rusiya İranın Şahed pilotsuz təyyarələrinin istehsalını genişləndirməyə çalışır. Spas və Tsargrad təbliğat telekanalları da məhdudiyyətlərə məruz qalıb.

Ümumilikdə əlavə sanksiya siyahısında 60-dan çox fiziki və 80-dən çox hüquqi şəxs var.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurası Rusiyaya qarşı on ikinci sanksiyalar paketinin qəbulu prosesini başa çatdırıb.

Gununsesi.info