Hər bir xalqın tarixində elə günlər olur ki, həmin günlər yalnız təqvimdə bir tarix deyil, bütöv bir millətin taleyinin dönüş nöqtəsinə çevrilir. Azərbaycan xalqı üçün 15 İyun – Milli Qurtuluş Günü məhz belə müqəddəs və əlamətdar günlərdən biridir. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın parçalanmaq, xaosa sürüklənmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas olduğu gün kimi xalqımızın yaddaşına həkk olunmuşdur.
XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və hakimiyyət uğrunda gedən mübarizələr vəziyyəti son dərəcə ağırlaşdırmışdı.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəbhədə uğursuzluqlar yaşanır, daxildə isə müxtəlif silahlı qruplar dövlətə qarşı çıxış edirdilər. Gənc müstəqil dövlət ciddi təhlükələrlə üz-üzə qalmışdı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmış, xalq gələcəyə ümidini itirməyə başlamışdı.
Belə mürəkkəb və taleyüklü bir dövrdə Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə sabitlik bərpa edildi, dövlətçiliyin əsasları möhkəmləndirildi və Azərbaycanın inkişaf yoluna çıxmasının təməli qoyuldu.
Milli Qurtuluş Günü yalnız bir siyasi hadisə deyil, həm də xalqın öz dövlətinə, gələcəyinə və milli birliyinə sahib çıxmasının simvoludur. Bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və xalqın milli həmrəyliyinin təmin olunmasında mühüm rol oynayıb. Əgər 1993-cü ildə xalqın iradəsi və Heydər Əliyevin qətiyyətli addımları olmasaydı, Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında qala bilərdi.
Sonrakı illərdə ölkədə həyata keçirilən uğurlu siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Neft strategiyasının həyata keçirilməsi, xarici əlaqələrin genişlənməsi, iqtisadi inkişafın təmin olunması və hüquqi dövlət quruculuğu məhz həmin qurtuluşun bəhrələri idi. Bu gün müasir Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və beynəlxalq aləmdə nüfuzlu mövqeyə malikdir. Bu uğurların təməlində isə 15 İyun Milli Qurtuluş Gününün yaratdığı sabitlik və inkişaf mühiti dayanır.
Birmənalı olaraq bilmək lazımdır ki, 15 iyun yalnız tarix kitablarının səhifələrində qalan hadisə deyil. Bu gün xalqın çətin sınaqlardan keçərək öz gələcəyini xilas etməsinin, ümidsizliyin içindən ümid doğurmasının, parçalanmaq təhlükəsi qarşısında birliyini qorumasının təcəssümüdür. Bu tarix Azərbaycan xalqının iradəsinin, dövlətçilik sevgisinin və milli həmrəyliyinin parlaq nümunəsidir.
Nəticə etibarilə, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Bu gün xalqımızın müstəqillik yolunda qazandığı ən böyük nailiyyətlərdən birinin başlanğıcı hesab olunur. Milli Qurtuluş Günü hər bir azərbaycanlıya dövlətin və milli birliyin nə qədər qiymətli olduğunu xatırladır. Bu müqəddəs tarix gələcək nəsillər üçün vətənpərvərlik, dövlətçilik və milli həmrəylik məktəbi olaraq daim yaşayacaqdır.

Elmar Elnaroğlu












