Natiq Cəfərli Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsaitlə bağlı suallar qaldırıb

  • Müəllif: Orxan
  • 27 İyul 2026 12:17

İqtisadçı Natiq Cəfərli Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı bir sıra suallar səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o, Maliyyə Nazirliyinin bu ilin ilk yarısında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldilməsi barədə açıqlamasını şərh edib. Nazirliyin məlumatına görə, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 31,45 faiz azdır və illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizini təşkil edir.

Natiq Cəfərli bildirib ki, ərazilərin bərpası ilə bağlı işlərin aparılması müsbət haldır. Bununla belə, o, maliyyələşdirmənin planlaşdırılması ilə bağlı sualların yarandığını qeyd edib.

İqtisadçı vurğulayıb ki, əgər ilk altı ayda illik vəsaitin cəmi 30 faizi ayrılıbsa, bu halda qalan 70 faizin ilin ikinci yarısında xərclənəcəyini ehtimal etmək olar.

Onun fikrincə, bu yanaşma düzgün planlaşdırma sualları doğurur və layihələrin icrasında ləngimələrə səbəb ola bilər.

Natiq Cəfərli, həmçinin, ayrılan vəsait hesabına neçə yeni iş yerinin yaradıldığı, neçə kiçik və orta sahibkarlıq subyektinin layihələrə cəlb olunduğu, xərclərin multiplikativ effektinin hesablanıb-hesablanmadığı barədə ictimaiyyətə məlumat verilməsinin vacibliyini bildirib.

O, əlavə edib ki, vəsaitin hansı hissəsinin yerli mal və materialların alınmasına yönəldildiyi də açıqlanmalıdır.

İqtisadçının sözlərinə görə, iri həcmli bərpa və yenidənqurma layihələri düzgün təşkil olunduğu təqdirdə iqtisadi fəallığı artırmalı, yeni iş yerləri yaratmalı və əlavə dəyər formalaşdırmalıdır.

O hesab edir ki, hazırkı iqtisadi artım göstəriciləri fonunda bu multiplikativ effekt kifayət qədər hiss olunmur.

Elmar

Gununsesi.info