Niyə imkan vermirsiniz ki, insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər? – Nadir Yalçın

  • Müəllif: Orxan
  • 12 Yanvar 2026 16:31

Bir neçə gündür ki, keçmiş diktor Nəsimi Nəbizadə yenidən gündəmdədir.

Belə ki, onun müalicə aldığı mərkəzdən qaçdığı bildirilir.

Daha dəqiq, Nəsimi qaçdığı zaman mərkəzdə yox, mərkəzin rəhbərinin yanında olub.

Sözügedən hadisə birmənalı qarşılanmayıb.

Kimisi tənqid edir, kimisi də artıq Nəsimi Nəbizadəni rahat buraxmaq lazım olduğunu bildirir.

Qələm adamları da bu məsələyə fərqli münasibət sərgiləyirlər.

Bu barədə yazıçı Nadir Yalçın Gununsesi.info-ya danışıb.

O bildirib ki, bu asılılığın qarşısını almaq mümkün olmayıb:

“Bir zamanlar populyar olan Nəsiminin indi bu cür populyarlaşması təəssüf doğurur. Nə etməli? Əlim qələm tutandan yaşdaşlarının, həmkarlarının onun haqqında giley-güzarını eşitmişəm. Qarşısını almaqsa, görünür, mümkün olmayıb. Narkotik aslılığı Nəsiminin səsini, təravətini, zehnini öləziləşdirsə də, indi daha deyinməyin mənası yoxdur. Təbii, heç kim sığortalanmayıb. Amma, ən azı, kaş belə olmazdı demək haqqımız var. Nəsimi Nəbizadənin və “Qurtuluş”un addımlarını gündəmə xəbərə çevirmək… Nə qədər fikirləşirsən, bir yerə çıxa bilmirsən. Birincisi, Nəsimi Nəbizadənin onsuz da korlanan reputasiyasını bir az da baltalamaq ayıbdır. Bu adamı dilə-dişə salıb “qaçdı”, “itdi” sözləri ilə daha biabır edib yeri gəldi-gəlmədi paylaşmağa, “Nəsimiiiii qayıttt” çağırışları ilə car çəkməyə qətiyyən ehtiyac yoxdu. İkincisi, niyə imkan vermirsiniz ki, insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər? Süni şəkildə insanların həyatını yönləndirmək istəyi, yumşaq desək, ədəbsizlikdi”, deyə o bildirib.

Maqsud

Gununsesi.info