“İranda baş verən hadisələr getdikcə kəskinləşir. Hadisələr iki senari üzrə cərəyan edə bilər”.
Bu sözləri Gununsesi.info-ya Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, hadisələr öz təbii axarına buraxılsa, nəticələr qansız və ağrısız olacaq:
“Hazırda devrilmiş şahın oğlu Rza Pəhləvi aktivdir. Qərbin müəyyən çevrələri onu İranda hakimiyyətə gətirmək istəyir. Panfarsist dairələr də onun qayıtmasında, şah hakimiyyətinin bərpasında maraqlıdır. Lakin onlar bir şeyi nəzərə almır ki, İranın xalq tərəfindən seçilmiş prezidenti var. Məsud Pezeşkian Azərbaycan, Kürdüstan, Mərkəz, Tehran və digər əyalətlərdən səs çoxluğu ilə prezident seçilib. İranda sosial bazasını itirmiş Pəhləvi xanədanının bərpası təhlükəli senaridir. Bu, İranda qanlı qırğınlara yol açacaq və ölkənin parçalanmasına səbəb olacaq. Qeyri-fars millətlərinin nifrətini qazanmış Pəhləvi ancaq fars əyalətlərində şah ola bilər. İkinci senari isə İran üçün daha qansız keçidi təmin edə bilər”.

Ekspert hesab edir ki, volauyəti fəqih sistemi ləğv edilərsə, İran rəhbəri Əli Xamneyi hakimiyyətdən uzaqlaşdırılarsa, qanuni hakimiyyətin təmsilçisi prezident Məsud Pezeşkiandır:
“Pezeşkian hakimiyyəti legitimdir. Vilayəti fəqih sistemi aradan qaldırılarsa, İranda dinc keçidi təmin edəcək yeganə şəxs Pezeşkiandır. Pezeşkian əksər əyalətlərdən səs alıb. Xalq onu humanist, ədalətli biri kimi tanıyır. Etiraz aksiyalarının ilk günlərindən Pezeşkian narazı xaqlın tərəfini tutdu, proseslərin ABŞ-a və İsrailə bağlanmasını qınadı. Xalqın ona münasibəti baş verən aksiyalarda səslənən şüarlarda da özünü göstərir. Narazı kütlə nümayişlərdə “Ölüm olsun Xamneyiyə”, “Mollalara ölüm” şüarı səsləndirir. Pezeşkian əleyhinə şüara hələ rast gəlinməyib. Post-molla rejimi dövründə keçid hökumətinə rəhbərlik etmək üçün ən əlverişli fiqur məhz Pezeşkiandır. Pezeşkian hazırda ən legitim fiqurdur, milli birliyi təmsil edən yeganə şəxsdir, sekulyar dövlət başçısıdır. Keçid dövründə İranın başçısı Pezeşkian olarsa ölkə parçalanmadan da yan keçəcək. Pəhləvilər İran xalqının yaddaşında korrupusioner, lüzumsuz xərcləmələrə yol vermiş harın ailə kimi qalıb. 40 illik molla rejiminin də imici elə o qədər bərbaddır. O halda ikinci senari-yəni Pezeşkianın İranın milli birliyinin təmsilçisi kimi qalması daha real və bütün tərəflər üçün daha əlverişlidir”.
Qeyd edək ki, İranda iqtisadi gərginliyə görə kütləvi aksiyalar davam edir.
Ölkədə iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Yayılan məlumatlarda 20 nəfərin öldüyü bildirilmişdir.
Onu da qeyd edək ki, aksiyalarda hüquq-mühafizə orqanı əməkdaşları ilə toqquşmalar baş verir.
Şəbnəm Rəhimova











