Paşinyan seçim qarşısında: Qərb, yoxsa Kreml?

  • By admin
  • 23 Aprel 2022 11:50

“44 günlük müharibədə viran qalmış Ermənistan hazırda özünü olduqca narahat hiss edir. Qərb tərəfindən tətbiq edilən sanksiyalara görə Rusiya əməlli-başlı təcriddədir. Rusiyanın əlavə hərbi və iqtisadi resursları yoxdur ki, İrəvana qətiyyətli dəstək versin. Nikol Paşinyan Brüssel və Moskva arasında çətin seçim qarşısındadır. O, Ermənistanı və özünü Qərbə doğru sürükləyir”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, Brüsselin İrəvana 2,6  milyard avroluq güzəştli “kreditləri” Nikol  Paşinyan və onun tərəfdarlarına son dərəcə cəlbedici formada təqdim olunur:

“Ancaq Rusiyanın hərbi dəstəyini itirmək və Rusiya sülhməramlı kontingentinin Qarabağdan geri çəkilməsi qorxusu indiyə qədər Qərbin yardımlarını üstələyir. Paşinyan buna görə də vaxt uzatmağa çalışır və gözləyir. Əvəzində Moskva onun manevr sahəsini daraltmağa çalışır. Bu, parlamentdə sərt tənqidlərlə məhdudlaşmayan, Paşinyanın Azərbaycanla razılaşma siyasətinə qarşı çıxanları aktivləşdirib. Söhbət İrəvanda kütləvi küçə etirazları təşkil etməyə çalışan rusiyapərəst müxalifətdən gedir”.

Deputat düşünür ki, elə buna görə də Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri İqor Xovayev Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi kimi təcili olaraq bölgəyə göndərilir: “Xovayevin vəzifəsi rəsmi olaraq tərəflər arasında sülh sazişinin hazırlanmasına, həmçinin nəqliyyat dəhlizinin açılması və dövlət sərhədinin delimitasiyası üzrə danışıqların təşviqinə kömək etməkdir. Əslində, Rusiya səfirinin missiyası Brüssel təşəbbüslərinin yerində və maksimum həddə məlumat almaqdır. Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə Rusiyanın nəzarətini saxlamaqdır. Çox güman ki, Paşinyan Moskvanın Ukraynaya işğalının nəticəsini gözləmək istəyir. Moskvanın təhdid və ambisiyalarından asılı olmayaraq, Rusiyanın Ukraynadakı uğursuzluğu Paşinyanın və hakimiyyətinin Brüsselin xeyrinə seçim etmələrinə gətirib çıxara bilər”.

Gununsesi.info