Paşinyanın bəyanatı Yerevanda etiraz doğurub

  • By admin
  • 15 Sentyabr 2022 09:56
Nikol Paşinyanın sentyabrın 14-də verdiyi bəyanatların ardınca Milli Məclisin qarşısına toplaşanlar onun istefasını tələb ediblər

nErmənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Azərbaycanla Ermənistan arasında imzalanacaq hansısa sənədin olmasına dair məlumatları təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Nikol Paşinyanın sentyabrın 14-də verdiyi bəyanatların ardınca Milli Məclisin qarşısına toplaşanlar onun istefasını tələb ediblər.

Parlamentdə keçirilən “hökumət saatında” Nikol Paşinyan demişdi:

“Mən öz üzərimə sülh naminə çətin qərarlar qəbul etmək məsuliyyətini götürmüşəm, amma çətin qərar Ermənistanın dövlət maraqlarına qarşı qərar demək deyil. Biz elə bir sənəd imzalamaq istəyirik ki, onun imzalanması nəticəsində, bizi bəlkə də tənqid edəcək, lənətləyəcək, satqın adlandıracaqlar. Xalq hətta bizi hakimiyyətdən kənarlaşdırmaq qərarı da qəbul edə bilər. Amma biz bütün hallarda minnətdar olacağıq ki, bunun nəticəsində Ermənistan Respublikası özünün 29.8 min kvadrat kilomerlik ərazisində möhkəm sülh əldə edəcək”.

Azatutyunun yazdığına görə baş nazir daha sonra Facebook səhifəsində və eləcə də canlı efirdə əmin edib ki, belə bir sənəd yoxdur:

“Heç bir sənəd imzalanmayıb və imzalanmaq üçün hazırlanmır. Bu, dost olmayan xarici qüvvələr tərəfindən ölkənin müqavimətini qırmaq məqsədli informasiya təxribatıdır”.

Simonyan da 29.8 min kvadrat kilometr məsələsini vurğulayıb

Daha sonra Nikol Paşinyanın çıxışını parlamentin spikeri Alen Simonyan izah etməyə çalışıb:

“Baş nazirin çıxışı o barədə idi ki, heç kim, heç nə vermir. 29.8 min kvadrat kilometr Ermənistanın bütün ərazisidir. Heç kim nəyinsə təhvil verilməsindən danışmayıb. Söhbət nə Artsaxdan (Qarabağ-red), nə də Ermənistan Respublikasından getmirdi. Ermənistanın ərazisi bizim üçün qırmızı xətdir. Biz bu ərazi uğrunda mübarizə aparmalıyıq. Biz dəhliz barədə söhbətlərdə iştirak etmirik. Dəhliz deyilən bir anlayış yoxdur”.

Alen Simonyan xatırladıb ki, üçtərəfli bəyanatda söhbət yalnız Laçın dəhlizindən gedir:

“Başqa bir sənəd yoxdur. Biz çox istərdik ki, Ermənistan Respublikasının 29.8 min kvadrat kilometrlik ərazisində təhlükəsizliyimizi möhkəmləndirəcək bir sənəd olsun”.

Gununsesi.info