Azərbaycanlıların bəzən və bəzi şəxslərə qarşı tənqidlərində haqlı məqamlar olsa da, əsasən əsassız, hədəfi düz seçilməyən tənqidlər də çox olur. Məsələn, nədənsə, çox adam Azərbaycan efirinin kraliçası, qadın aparıcıların xanım-xatunu olan Xoşqədəm Hidayətqızını pisləyir. Sən demə, guya hər şey yaxşıdır, Azərbaycan efirini də Elgiz Əkbərlə Xoşqədəm Hidayətqızı pis günə qoyur.
Xoşqədəm Hidayətqızı ciddi jurnalistika məktəbi keçmiş adamdır.
Onun “Üç nöqtə” qəzetinin fəaliyyəti Azərbaycan jurnalistikasının ayrılmaz, danılmaz bir parçasıdır.
Adama elə gəlir ki, onun verilişlərini tənqid edən adamlar o qədər ciddidir, Xoşqədəm xanımın yerində olsalar, ən aşağı edəcəyi söhbət kvant fizikası olacaq.
Bəs bu xalqa Xoşqədəm yox, başqa kim lazımdır?
Əgər Xoşqədəmi sevmirlər, bəyənmirlərsə, niyə ona baxırlar, reytinqi qaldırırlar?
Təlabat olmasa, Xoşqədəm olarmı?
Bu dəqiqə ölkədə ağzı olan hamı elə bilir ki, hər şey danışa bilər.
Məsələn, Azərbaycan efirində Xoşqədəm Hidayətqızı da olmayacaqsa, kim olacaq? Nə qədər peşəkar aparıcı var ki, onu əvəz də eləsin?
Xoşqədəm Hidayət qızının özünü xüsusi tamaşaçısı var. Bunu yarada bilmək, əslində, asan iş deyil.
Bəzən elə bilirik ki, efir yalnız intellektual eksperimentlər üçün yaradılıb, guya televiziyada danışılan hər cümlə akademik tribunalardan çıxmalıdır. Amma televiziya xalqın aynasıdır. Xalqın dərdi də var, itkisi də, göz yaşı da, ümidə möhtac olan minlərlə taleyi də. Xoşqədəm Hidayətqızının gücü də məhz buradadır. O, studiyaya yalnız kamera və işıq daşımır, ora insan talelərini, yarımçıq qalmış həyat hekayələrini, illərlə boğazda düyün olmuş sözləri gətirir.
Onun verilişləri bəzən bir evin yas yerinə çevrilir, bəzən toyuna. Bir küncdə ağlayan ana, digər küncdə illər sonra tapılan övlad. Bu, süni emosiyalar deyil, ssenari ilə yazılmış teatr deyil. Üstəlik, onun verilişlərindəki teatrallıq bu dəqiqə Azərbaycan teatrlarından daha yaxşıdır.
Əsl məbəddir.
Onu tənqid edənlər çox vaxt bir şeyi görmürlər: belə verilişləri aparmaq üçün təkcə peşəkarlıq yox, güclü sinir sistemi, empati qabiliyyəti, insan ağrısına dözmək bacarığı lazımdır. Hər gün onlarla faciəni dinləmək, hər gün itkin, xəyanət, ölüm, ayrılıq hekayələri ilə üz-üzə qalmaq asan deyil. Hər kəs buna tab gətirə bilməz.
Xoşqədəm Hidayətqızı isə illərdir bu yükü daşıyır:nə səsini qaldıraraq, nə də tamaşaçıya yuxarıdan baxaraq.
Bu mənada, Xoşqədəm Hidayətqızı mediamızın, efirimizin timsalında həm də xalqın simasıdır.
Bəs başqa vaxt deyirlər ki, xalq nəyə layiqdirsə, necədirsə, onu da o cür idarə edirlər?
Belə deyilsə, Hidayətqızı pislənilirsə, problem nədədir?
Orxan Saffari












