Mingəçevir şəhər, Rəşad Mirabov adına 7 saylı məktəbin daha bir müəllimi qanunsuzluqlarla bağlı elm və təhsil naziri Emin Əmrullayeva müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, orta məktəb müəllimi öz müraciətində, hazırda bələdiyyə sədri seçilmiş məktəbin keçmiş direktoru Anar İsmayılovun hərəkətlərindən şikayət edib.
“Salam, Cənab nazir. Mən Məmmədova Könül İntiqam qızı Mingəçevir şəhər Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəbdə 19 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Özüm üçüncü qrup əliləm. Sizə keçmiş direktor, hazırda bələdiyyə sədri olan Anar İsmayılovdan şikayətim var.
Biz Azərbaycan Dili və ədəbiyyat müəllimləri olaraq Anar İsmayılovun bizə rəhbərlik etdiyi 12 il ərzində hər zaman dərs saatları ilə bağlı əziyyət çəkmişik. Hər il xahiş etmişik ki, heç olmasa dərnək, məşğələ saatları olsun və bizim rifah halımız biraz yaxşılaşsın.
Anar İsmayılov “Balam ölsün dərnək yoxdur deyərək” bizi bu il və bundan əvvəlki illər başından edib. Keçmiş direktor bu il 26 fevral 2025-ci il tarixində məktəbdən gedərkən məlum oldu ki, məktəbdə dərnək saatları var imiş və bəzi müəllimlərin adına yazılıb pulu direktor tərəfindən məmimsənilirmiş. Biz hamımız şahidik ki, məktəbdə dərnək saatları tədris olunmayıb.
Bəli, bizim haqqımız tapdanıb. Fənn müəllimləri olaraq biz artıq bunu bildik. Bu haqda məlumat aldığım gün mən şikayətimi Mingəçevir şəhər təhsil sektoru rəhbərliyinə bildirdim. İki həftədən çoxdur ərizə ilə müraciət etmişəm. Ancaq heç bir tədbir görülməyib, məni çağırıb bir kəlmə belə soruşmayıblar.
Şikayət etdiyim gündən direktor həvaləsi Niyar Əhmədova tərəfindən mobinqə məruz qalıram, hansı ki Niyar Əhmədova işlədiyi bu illər ərzində Anar İsmayılovun pul yığanı olub. Otaq pulu, fond pulu, hər icazə pulu və s. Siyahı kifayət qədər zəngindir.
Nəzərinizə çatdırım ki , mənimsənilən dərnək və məşğələ saatlarına da rəhbərliyi sinifdənxaric və məktəbdənkənar təşkilatçı Niyar Əhmədovada olub.
Belə bir şəxsin bizə rəhbər təyin edilməsinə etiraz etdiyim üçün martın 5-i axrıncı 2-ci saat dərsdən şəxsən Niyar Əhmədovadan icazə aldığım halda qərəzli şəkildə təhsil sektoruna təqdimat yazıb. Mənim, təlim -tərbiyə işləri üzrə direktor müavinin və digər bir həmkarımız haqqında qərəzli akt tərtib edib.
Cənab nazir xahiş edirəm bu məsələni araşdırın bizə kömək edin. Çünki Mərkəzi Aran Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru bütün bunlardan xəbəri olduğu bu aylar və illər ərzində heç bir tədbir görməyiblər.
Nəzərinizə çatdırım ki, 2022-2023-cü ildə Mingəçevir şəhər prokrorluğunda Anar İsmayılovun qanunsuz əməlləri araşdırıldı, məktəbdən mənimsədiyi inventar və digər pozuntulara görə dövlət büdcəsinə on min manatdan çox pul ödəmişdi, lakin Region və Sektor səviyyəsində bir addım atılmadı”.














