Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada ölənlərin sayı 46-ya çatıb

  • By admin
  • 31 Oktyabr 2023 11:38

Qazaxıstanda Qaraqanda vilayətindəki Kostenko şaxtasında həlak olan sonuncu, 46-cı şaxtaçının meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd ediblər ki, elektrik enerjisinin olmaması, mədən işlərinin uzun olması, çoxlu dağılmış mexanizmlərin olması axtarış işlərini çətinləşdirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bəzi ərazilərdə iş aparılır və su çəkilir.

Bu arada fövqəladə hallar naziri Sırım Şərifxanov bildirib ki, qəzanın səbəbləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində şaxtaya eniş aparılıb.

“Qəzanın səbəblərinin araşdırılması çərçivəsində mən və Hökumət Komissiyasının üzvləri şaxtaya eniş etdik. Biz çox ciddi ziyan müəyyən etmişik. Mədən avadanlıqları yerindən tərpənib. 15-dən çox izolyasiya körpüsü dağıdılıb. Havalandırma konstruksiyaları sıradan çıxıb”, – nazir bildirib.

Hazırda 7 alt komitə yaradılıb və işləyir. Araşdırmaya Qazaxıstanın, yaxın və uzaq xarici ölkələrin ekspert təşkilatları da cəlb olunub.

Qeyd edək ki, oktyabrın 28-də mədənin 700 metr dərinliyində yanğın, ardından metan-hava qarışığının partlaması baş verib.

Qəza zamanı növbədə 252 şaxtaçı olub, 5-i mədən xilasediciləri tərəfindən tapılaraq səthə qaldırılıb, 201 nəfər özləri qalxıb.

Gununsesi.info