Quru sərhədlər açılsa, qatar bileti neçə manat olmalıdır? - İlqar Məmmədovdan hesablama

Quru sərhədlərin bağlı qalması fonunda beynəlxalq qatar biletlərinin qiyməti yenidən müzakirə mövzusuna çevrilib.

Mövcud qiymətlərin nə dərəcədə əsaslı olması sual doğurur.

Aparılan sadə hesablamalar göstərir ki, indiki tariflər əvvəlki dövrlə müqayisədə ciddi şəkildə şişirdilmiş görünə bilər.

Gununsesi.info xəbər verir ki, Real Partiyasının sabiq sədri İlqar Məmmədov məsələ ilə bağlı araşdırma edib.

O bildirib ki, 2019-cu ilin 30 dekabr tarixində iki nəfərlik kupe üçün bir biletin qiyməti 57 manat 7 qəpik idi.

“Rəsmi statistik göstəricilərə əsasən, 2020–2025-ci illərdə dəmir yolunda sərnişindaşıma xidmətlərinin qiymətində ciddi artım olmayıb, əksinə, cüzi azalma qeydə alınıb. Bu məntiqdən çıxış etsək, həmin biletin hazırkı qiyməti təxminən 57 manat 5 qəpik olmalı idi. Lakin quru sərhədlərin bağlı olduğu dövrdə dəmir yolu daşımaları bazarda faktiki rəqabətsiz vəziyyətə düşdüyündən, daha geniş inflyasiya göstəricisi də nəzərə alına bilər. Fərz edək ki, qatar biletləri son illərdə qeyri-qida malları və xidmətlərinin ümumi bahalaşma tempi ilə artmalı idi. Bu halda belə, iki nəfərlik kupe üçün biletin qiyməti maksimum 76 manat 9 qəpik səviyyəsində olmalıdır”,– deyə o qeyd edib.

İlqar Məmmədov həmçinin bildirib:

“Oxşar vəziyyət adi dörd nəfərlik kupe biletlərində də görünür. 2019-cu ilin sonunda bir nəfərlik biletin qiyməti 33 manat 60 qəpik idi. Eyni inflyasiya hesablamasına əsasən, həmin biletin indiki qiyməti ən çoxu 44 manat 80 qəpik təşkil etməlidir”.

Qeyd edək ki, bu hesablamalar yalnız qeyri-qida sektorunda baş verən qiymət artımına əsaslanır.

Dəmir yolu sərnişindaşımasının öz statistikası nəzərə alınarsa, qiymətlərin əslində daha aşağı olması gözləniləndir.

Orxan
Gununsesi.info