Rasim Məmmədov: “Əmlak Komitəsinə 10 milyon verdim, əvəzində 8 milyonluq metal verdilər”

  • By admin
  • 23 Sentyabr 2022 21:06

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keşirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu gün keşirilən prossdə şahidlər ifadə verib.

2008-ci ildən şirkətin xəzinədarı işləyən Zemfira Əliyeva deyib ki, 13.2 milyon manat çatışmazlıq haqda ifadə verib.

Maliyyə idarəsinin rəisi Çingiz Həsənov və şirkətin direktoru Süleyman Məmmədova kassada büyük məbləğdə çatışmazlıq olması haqda məlumat vermişdim. Deyirdilər ki, bu, sənin işin deyil. Məni işdən çıxarıla biləcəyimlə hədələyirdilər. Mən faktiki pul görməmişəm. Pul bankdan çıxıb harasa gedirdi. Dəqiq deyə bilmərəm, amma eşitmişdim ki, şirkətin rəhbərinə gedir. 2021-ci ildə özümü sığortalamaq üçün DTX-ya şikayət elədim. Məktubu DTX-nın şikayət qutusuna atdım…”
Bu zaman Rasim Məmmədov ondan niyə məhz DTX-ya şikayət etməsinin səbəbini soruşub.
O isə cavabında bildirib ki, güc strukturu kimi oranı tanıyırdı.
Rasim Məmmədov şahidin dediklərilə razılaşmayıb. O bildirib ki, sözügedən 13 milyon heç “Baku Steel Company”ə gəlib çıxmamışdı, “Azeri Steel Metal Construction”un kassasına getmişdi.

Zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər”

18 ildir “Baku Steel Company”də çalışan, 2011-ci ildən baş mühasib olan Kamran Qəhrəmanov da məhkəmədə dindirilib.

O bildirib ki, hesabdan çıxan pullar “Baku Steel Company”in kassasına daxil olmadan “Azeri Steel”ə gedib. Metal satışından sonra aparılan kassa əməliyyatları zamanı 13 milyon manat kəsir yaranıb.
Bu şahid də çatışmazlıqlarla bağlı maliyyə idarəsinin rəisi Çingiz Həsənova məlumat verdiyini, lakin hər dəfə eyni cavabı aldığını bildirib: “Deyirdi ki, zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər”.
Kamran Qəhrəmanov deyir ki, 13 milyon manatın Rasim Məmmədova çatdığını görməyib. Amma o pul zavod üçün də xərclənməyib.
Rasim Məmmədov bu şahidin də ifadəsinə münasibət bildirərkən deyib ki, 13 milyon manat yeyinti olmayıb: “Şirkət üçün metal almaqdan ötrü Dövlət Əmlak Komitəsinə 10 milyon dollar pul vermişdik. Komitə tabeliyində olan köhnə müəssisələrin metallarını satırdı. Lakin bizə 8 milyon 800 dollarlıq metal göndərdilər.

Bu günə kimi də komitənin bizə 1 milyon 200 min dollar borcu var. 2.5 milyon manat da Bakı Poladtökmə zavodunun rəhbəri Loğman Zülfüqarlıya verilib.

Keçən məhkəmə iclasında zərərçəkmişin vəkili də dedi ki, filan obyektin tikintisinə pul gedib. Bəli, tapşırıqla başqa yerlərə də gedən pullar olub. Bunların heç biri şəxsi xərcim olmayıb. Bir var ki, Rasim Məmmədov gedir, İtaliyada 50 min dollara kostyum tikdirir, “Ferrari” maşın alır, bunlar şəxsi xərclərdir. Bir də var, şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib”.
Şahid Kamran Qəhrəmanov istintaqa ifadəsində deyib ki, yığılan pulların bir hissəsi Rasim Məmmədova, qalanı da Çingiz Həsənova çatırdı.
Onun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərclərilə bağlı olub. İstintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə bu fikri təkzib edib.

“Pulları torbalarda daşıyırdım”

“Azeri Steel”də fəhlə işləyən Xəyal Əhmədov da məhkəmədə dindirilib. O, Rasim Məmmədova və şirkətin maliyyə direktoru Çingiz Həsənova göndərilən pulları daşıyıb: “Samir adlı bir nəfər var idi. Bir neçə dəfə mənə sənəd və pullar verib ki, Rasim Məmmədova və Çingiz Həsənova çatdırım. Mən də əmanətləri aparıb köməkçilərə təhvil vermişəm. Pulları torbalarda daşıyırdım. Amma nə qədər pul olub, onu bilmirəm”.
Şahid ifadələrindən sonra məhkəmə prosesi sentyabrın 30-n təyin edilib.

 

Elmar Elnuroğlu

Gununsesi.info