Rza Drakon Əli İsa Cabbarov və AKİ-dəki fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib

  • Müəllif: Firuzə
  • 04 Sentyabr 2026 11:24

Aktyor Rza Drakon Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) baş verən proseslərlə bağlı fikirlərini bölüşüb və Əli İsa Cabbarovla onun tərəfdarlarını açıq debatda fikir mübadiləsinə dəvət edib.

Gununsesi.info-nun xəbərinə görə, Rza Drakon bildirib ki, subardinasiya və etik qaydalara hörmət etdiyi üçün bu vaxta qədər Əli İsa Cabbarovla polemikaya girməyib:

“İndi də sizə yox, birbaşa Əli İsaya sual ünvanlayıram. Onu və briqadasını istənilən verilişdə, canlı yayımda fikir mübadiləsinə, açıq debata dəvət edirəm!”

Aktyor əsas sualının Əli İsa Cabbarov və onun tərəfdarlarının Şəfiqə Məmmədovanın AKİ sədrliyinə münasibəti ilə bağlı olduğunu qeyd edib.

Rza Drakon əvvəlki sədr Rasim Balayevin də yaşının çox olduğunu və səhhətində ciddi problemlər yaşandığını xatırladaraq, onun sədr seçilməsi zamanı yaş və sağlamlıq məsələlərinin arqument kimi gündəmə gətirilmədiyini bildirib.

“Rasim Balayevin yaşını və sağlamlığını sədr olmaması üçün arqumentə çevirmədiniz, əliniz üstündə onu sədr seçdiniz?! Amma Şəfiqə xanımın sədr olmaması üçün iki əsas arqument gətirirsiniz: yaşını və sağlamlığını. Bu fərqin səbəbi nədir?” – deyə aktyor sual edib.

Rza Drakon bu fərqin səbəbini də öz mövqeyi ilə izah edib.

O, Rasim Balayevin idarəçilik qabiliyyətinin olmadığını və AKİ-nin əvvəlki dönəmdə onun üzərindən başqa şəxslər tərəfindən idarə edildiyini iddia edib.

Aktyor Şəfiqə Məmmədovanın isə geniş kino biliyinə və idarəçilik təcrübəsinə malik olduğunu bildirib.

“Sizi və dəstənizi qorxuya salan da məhz budur! Bilirsiniz ki, Şəfiqə xanım sədr olsa, kələkləriniz, şəbəkəniz işləməyəcək – işləmədi də!” – deyə Rza Drakon yazıb.

O, Əli İsa Cabbarov və tərəfdarlarını AKİ-ni tərk etməyə çağırıb:

“Üzü sulu dəstənizi də götürün, AKİ-ni tərk edin! Bu “dava-dava” oyununu bitirin artıq!”

Rza Drakon həmçinin AKİ-nin idarəçiliyində kino sahəsində çalışan şəxslərin rolunun artırılmasını istəyib:

“İmkan verin, AKİ-ni “kino çəkənlər” yox, kinonu çəkənlər idarə etsin!”

Aktyor sonda AKİ-nin statusunun süni şəkildə böyüdülməsi yolu ilə kino sahəsindəki problemlərin ört-basdır edilməsinə son qoyulmasını və qurumun statusuna uyğun fəaliyyət göstərməsini istəyib.

Elmar
Gununsesi.info