“Rza Pəhləvinin rolu etirazların mahiyyətini dəyişmir” -ŞƏRH

“Əvvəllərdə monarxistlərin, yəni Məhəmməd Rza Şahın oğlu Rza Pəhləvinin rolu az hiss olunurdu. İndi isə ABŞ və İsrail bu təbəqəni, yəni Şahın oğlunu dəstəklədiyindən, ona maraq bir qədər artır və sanki onu İrandakı mövcud rejimə alternativ olaraq göstərirlər.

Amma bu, İranda etiraz aksiyasında iştirak edən başqa siyasi, ictimai və mədəni qüvvələrin narazılığına səbəb olur”.

Gununsesi.info bildirir ki, bu fikirləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:

“Çünki bu, Şahın oğlunun etiraz aksiyası deyil, bu bütövlükdə İrandakı bütün millətlərin, o cümlədən farsların etiraz aksiyasıdır və bu rejimin fəaliyyətinə qarşıdır.

Pəhləvinin əslən Azərbaycan-Türkü olması, yəni yenidən İrana hakimiyyətə qayıtmaq ehtimalı məsələnin mahiyyətini dəyişmir. Xamenei Türkdür, Rza Pəhləvi də Türkdür, Rza Şahın özü də. Amma panfarsizm ideologiyasını baba Rza Pəhləvi hakimiyyətə gətirmişdi. Ona görə Rza Pəhləvinin Türk olması və ya olmaması məsələnin mahiyyətini dəyişmir. İndiyə qədər Rza Pəhləvinin Azərbaycan türklərinin milli haqlarını tanıyacağına dair hər hansı bəyanat olmayıb.

Hazırda ABŞ və İsrail Rza Pəhləvini dəstəkləyir və cəmiyyət arasında sanki İranda hakimiyyətin dəyişməsi üçün alternativ kimi göstərirlər. Bu isə həm də Ayətullah Seyid Əli Xamenei rejiminin əlini gücləndirir, çünki cəmiyyətin yaddaşında Şahın və onun babasının zülmləri hələ də qalıb”.

 

 

Günay 

Gununsesi.info