Səhiyyə Nazirliyi: “Kütləvi məzarlıqlarda indiyədək 25 nəfərin qalıqları tapılıb” - YENİLƏNİB + FOTO/VİDEO

“Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, Qarabağın işğal altında olan əraziləri azad edildikdən sonra hissə-hissə şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir: “Bunları sonradan müəyyən sxemlə, proqramla araşdırıb ekshumasiya edib çıxarırıq. İlk dövrlərdə bu işlər kortəbii şəkildə aparıldı. Ərazi buldozerlərlə qazıldı və sonradan məhkəmə-tibbi müayinəsi və son nəticədə genetik ekspertizası çətin oldu. Bununla əlaqədar olaraq dövlət tərəfindən müəyyən göstərişlər verildi və qaydalar tətbiq edildi. Ondan sonra biz işimizi bu qaydalar çərçivəsində aparmağa başladıq. Burada Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Budur erməni xisləti”.

Ədalət Həsənov qeyd edib ki, bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər biri ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək:

“Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertizadan sonra genetik profili çıxarılacaq və itkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb”.

14:10

“Xocavənddə aşkarlanan kütləvi məzarlıqda olan skelet sümükləri hərbçilərimizə məxsusdur”.

Bunu jurnalistlərə açıqlamasında məhkəmə tibbi kriminalistika şöbə rəisi Nuranə Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

“Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqaret kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək”, – deyə o əlavə edib.

13:52

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.