Şahbuz şəhərində yerləşən kafenin fəaliyyəti məhdudlaşdırılıb

  • By Günel
  • 14 Avqust 2025 21:03

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Nurlan” kafesində ciddi nöqsanlar aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.